Aydın Hüseynov: “Sahibkarlara və fermerlərə dövlətin xüsusi dəstəyi var” AÇIQLAMA

Aydın Hüseynov: “Sahibkarlara və fermerlərə dövlətin xüsusi dəstəyi var” AÇIQLAMA

"Cənab prezidentin sərəncamı ilə 2014-cü il "Sənaye ili" elan olundu. Bundan sonra tədbirlər planı tərtib olundu, sonra isə sənaye məhəllələrin yaradılması ilə əlaqədar cənab Prezident yeni sənəd imzaladı". Bunu SİA-ya açıqlamasında 2014-cü il YAP Siyasi Şurasının üzvü, iqtisadçı Aydın Hüseynov deyib.

O bildirib ki, "Sənaye ili" ilə bağlı olaraq ölkədə atılan addımlar qeyri–neft sektorununun inkişafını daha da gücləndirdi. Bir çox sahədə infrastruktur layihələri həyata keçirildi: "Bütün bunlar ona gətirib çıxardı ki, 2014-cü il doğrudan da "Sənaye ili"nin elan olunması ilə bağlı ümumdaxili məhsulun tərkibində qeyri-neft sektorunun payı təxminən 60%-ə qədər artdı. Qeyri-neft sektorunun tərkibində isə sənaye sektorunun payı 7%-ə qədər artdı, bu da böyük bir göstəricidir. Eyni zamanda çox böyük işlərin həyata keçirilməsinin tərkib hissəsi olaraq Sumqayıtda, Mingəçevirdə, Gəncədə, eləcədə digər regionlarda böyük sənaye müəsisələri yaradıldı, işə salındı. Taxtakörpü və Şəmkirçay su elektrik stansiyasının inşası başa çatdı. Bununla əlaqədar digər infrastrukturların mövcudluğu da əlavə olunsa, kənd təsərrüfatının inkişafı üçün böyük zəmin yarandı. Ümumilikdə götürdükdə ölkədə metallurgiya, toxuculuq və eləcə də sənayenin digər sahələri artıq inkişaf mərhələsini yaşayır və ölkəmiz gələcəkdə regionda güclü bir sənaye ölkəsinə çevriləcək. Biz daxili bazarın tələbatını ödəməklə yanaşı öz məhsullarımızı xarici bazarlara da çıxartma imkanı əldə edəcəyik. Çünkü keçən il sənayeyə 27 milyard manat investisiya qoyulmuşdu ki, bunun da 16 milyard manatı yerli investorların payına düşür. İnvestisiyaların böyük əksəriyyəti real sektora yönəldilib, xüsusilə sənayenin inkişafı üçün investisiya qoyulub".

Aydın Hüseynov 2015-ci ilin cənab Prezident tərəfindən "Kənd Təsərrüfatı İli" elan olunmasını qeyri-neft sektorunun inkişafı üçün birbaşa atılan addım kimi qiymətləndirib: "Ümumiyyətlə qeyri–neft sektorunun şaxələndirilmiş şəkildə inkişaf etdirilməsi Azərbaycan iqtisadiyyatının başlıca strategiyasıdır. Bu da cənab prezident tərəfindən uğurla həm idarə olunur, həm proqnozlaşıdırılır, həm də bütün resurslar və potensiallar bu sahəyə cəlb olunur. Kənd təsərrüfatı, əlbəttə, qeyri–neft sektorunun inkişafının fəqli bir sahəsidir. Kənd təsərrüfatının inkişafı ilə bağlı olaraq ilk növbədə sahibkarlara və fermerlərə dövlətin xüsusi dəstəyi var. Subsidiyaların və güzəştli kreditlərin verilməsi və eləcə də onların bir çox vergilərdən azad olunması dediyimiz güzəştlər sırasındadır. Qanunvericilik bazası bu sahənin inkişafını təmin edir. Eyni zamanda, xüsusilə, kənd rayonlarında infrastruktur layihələri həyata keçiriləçək, mövcud olanlar isə tam gücü ilə fəaliyyət göstərəcək. Yəni enerji daşıyıcıları və xüsusilə elektrik enerjisi ilə bağlı təminat baxımından regionlarda heç bir problem yoxdur. Yol infrastrukturu mükəmməldir. Münbit torpaqların əkin sahələri kimi istifadə olunması artıq öz həllini tapıb. Daha öncə qeyd etdiyim kimi su elektrik stansiyalarının tikilməsi suvarma sahələrinin daha da genişlənməsinə təkan verir. Bütün bunları nəzərə aldıqda kənd təsərrüfatının inkişafı üçün bütün şərait mövcuddur. Bununla bağlı olaraq 2015-ci il "Kənd təsərrüfatı ili" elan olundu. Bir məsələni də nəzərə almaq lazımdır ki, ölkəmizin kənd təsərrüfatı orqanik məhsullardan ibarətdir. Bu isə dünya bazarında çox dəyərli bir məhsul kimi dəyərləndirilir. Eyni zamanda gübrələrin güzəştli şəkildə fermerlərə satılması və onların müəyyən qisminin dövlət büdcəsinə ödənməsi, motor yağlarının və digər yanacaq növlərinin güzəştli şəkildə kənd təsərrüfatı ilə məşğul olan həm fiziki, həm də hüquqi şəxslərə güzəştli verilməsi kənd təsərrüfatının inkişafını şərtləndirən amillərdəndir".

2015-ci ildə aqrar sahədə sahibkarlığın inkişafı üçün Sahibkarlığa Kömək Milli Fondu tərəfindən xüsusi diqqət yetirildiyini qeyd edən Aydın Hüseynov büdcədə sahibkarlara istiqamətlənmiş vəsait olduğunu ifadə edib: "Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə sahibkarlıqla bağlı sahəyə də xeyli vəsaitin yönəldilməsi artıq büdcədə öz əksini tapıb. Ümumilikdə götürdükdə isə sahibkarlara çox böyük dövlət dəstəyi mövcuddur. Bununla bağlı işlər yenə də davam etdirilir. Bir sözlə, aqrar sahədə sahibkarlığın inkişafına çox ciddi dəstək verilməkdədir".

Bütün xəbərlər Facebook səhifəmizdə