Məzənnə 2006-cı ildən bəri ən aşağı həddə düşüb
Avro xeyli ucuzlaşıb

Yanvarın 5-də avronun məzənnəsi son 9 ildə ən aşağı həddə düşüb. Yeni maliyyə həftəsinin ilk saatlarında ümumavropa valyutasının ABŞ dollarına nisbətdə məzənnəsi 1,1864 təşkil edib ki, bu da 2006-cı ilin mart ayından bəri qeydə alınmış ən aşağı göstəricidir. Gün ərzində valyutanın məzənnəsində cüzi dəyişikliklər olsa da, 1,20 ABŞ dolları həddini aşa bilməyib.

Ekspertlər avronun məzənnəsindəki ciddi dəyişiklikləri Avropa Mərkəzi Bankının monetar siyasəti və Yunanıstandakı maliyyə böhranı ilə izah edirlər. Növbədənkənar parlament seçkilərinə hazırlaşan Yunanıstanda ölkənin avroməkanı tərk etməsi və avrodan imtina etməsi ilə bağlı debatlar qızışıb.

Qeyd edək ki, 2014-cü ilin may ayında avronun məzənnəsi 1,40 ABŞ dolları səviyyəsində olmasına baxmayaraq, son aylarda davamlı şəkildə dəyərini itirməli olub.

Bütün xəbərlər Facebook səhifəmizdə