Dekabrın 30-da Astaranın dağlıq ərazilərindən olan Züngüləş kəndinə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ərəfəsində təbii qaz verilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, 126 təsərrüfatı, 1000 nəfərə yaxın əhalisi olan Züngüləş kəndinə sovet dönəmində belə qaz xətti çəkilməyib. Son 10 ildə rayonun qaz təsərrüfatının bərpası və yenidən qurulması istiqamətində aparılan mühüm işlər bir sıra yaşayış məntəqələrinə təbii qazın verilməsini gerçəkləşdirib.
Züngüləş kəndində təbii qazın açılış mərasiminə rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevlə yanaşı, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri, rayonun qaz təsərrüfatının əməkdaşları toplaşıb. 124 evə təbii qazın verildiyi bu gün kənd sakinləri üçün əsil bayrama çevrilib.
Züngüləş kəndində keçirilən tədbiri Səncərədi inzibati dairəsi üzrə nümayəndəsi Zaur Həsənov açıb, kənd sakinlərindən Müzəffər İmaməliyev, Ağaxan Novruzov, Adilə Əliyeva və başqaları çıxış edərək gözəl bayramlar ərəfəsində insanlara belə bir xoşbəxtliyi bəxş etdiyinə görə möhtərəm Prezidentimiz İlham Əliyevə hədsiz təşəkkür və minnətdarlıqlarını bildiriblər. Çıxış edənlər son aylarda rayonun ayrı-ayrı yaşayış məntəqələrində geniş abadlıq işlərinin görülməsini yüksək qiymətləndirərək bütün bunlara görə Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən möhtərəm cənab prezident İlham Əliyevə ən xoş arzularını ifadə ediblər.
Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev kənd sakinlərini Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları, eyni zamanda əlamətdar hadisə-kəndə təbii qaz verilməsi münasibətilə səmimi qəlbdən təbrik edib, onlara ən xoş arzularını bildirib. Rayon əhalisinin artıq 75 %-nin təbii qazdan istifadə etdiyini qeyd edən natiq bildirib ki, ölkəmizdə regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları uğurla icra olunur, ayrı-ayrı yaşayış məntəqələrində təkcə qazın verilməsi deyil, digər sosial problemlər həll edilir, yollar çəkilir, təhsil və səhiyyə müəssisələri istifadəyə verilir.
Hazırda Züngüləş kəndi ərazisində "Astara-1" su elektrik stansiyasının tikintisinin davam etdiyini, Artupa kəndində yeni məktəb binasının tikintisinə başlanıldığını qeyd edən icra başçısı bütün bu işlərin əhalinin rifah halının daha da yaxşılaşdırılmasına yönəldilən mühüm dövlət tədbirlərinin tərkib hissəsi olduğunu, gələcəkdə də bu kimi sosial layihələrin davam edəcəyini diqqətə çatdırıb.
Sonda rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev kəndə təbii qaz verilməsini bildirən məşəli yandırıb, kənd sakini Səfər Səfərovun evində mavi yanacaqdan istifadə ilə bağlı xeyir-dua verib.
Qeyd edək ki, Züngüləş kəndi rayonun təbii qazdan istifadə edən 32-ci kəndi olub.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB