ARDNŞ Aİ iqtisadiyyatına yeni yatırımlar etməkdə maraqlıdır

ARDNŞ Aİ iqtisadiyyatına yeni yatırımlar etməkdə maraqlıdır

Brüsseldə "Cənub Qaz Dəhlizi" (CQD) layihəsinin müzakirəsinə həsr olunmuş görüş keçirilib. SİA-nın ARDNŞ-ın rəsmi saytına istinadən verdiyi xəbərə görə, tədbirdə Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Elşad Nəsirov, azərbaycanlı diplomatlar, Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç və CQD layihəsinə cəlb olunmuş beynəlxalq enerji şirkətlərinin nümayəndələri iştirak ediblər.

Elşad Nəsirov Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verdiyini, ölkəmizin Avropa qitəsində əhəmiyyətinin artdığını vurğulayıb. O, CQD-nin Azərbaycan-Avropa strateji tərəfdaşlığından iqtisadi inkişafadək bir çox sahəni əhatə edən bir layihə olduğunu qeyd edib. Bildirib ki, ilkin qazın həcmi Avropa üçün cüzi olsa da, Azərbaycan qazı istehlakçı ölkələrdə enerji təchizatı problemlərini kökündən həll edə bilər. ARDNŞ-nin vitse-prezidenti layihədə ətraf mühitin qorunmasına xüsusi diqqət ayrıldığını, təbii qazın digər enerji daşıyıcılarına nisbətən ətraf mühiti daha az çirkləndirdiyini vurğulayıb. Çıxışın sonunda Nəsirov qeyd edib ki, ARDNŞ Avropa İttifaqı iqtisadiyyatına yeni yatırımlar etməkdə maraqlıdır və Aİ qeyri-Avropa sərmayədarlarına lazımı strateji dəstəyi göstərməlidir.

İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Klaudio De Vinçenti, Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğunda səfiri, Avropa İttifaqı yanında nümayəndəliyin rəhbəri Fuad İsgəndərov CQD layihəsinin həyata keçirilməsi zərurətindən danışıblar.

Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç bir neçə gün öncə Azərbaycan rəhbərliyi ilə görüşündə CQD layihəsini müzakirə etdiyini, Azərbaycan rəhbərliyinin layihəni prioritet olaraq gördüyünü və işlərin vaxtında başa çatdırılacağına zəmanət verdiyini bildirib. Cənab Şefçoviç etiraf edib ki, Azərbaycan və Türkiyə layihə üzrə öhdəliklərini artıq yerinə yetiriblər, indi isə Avropadan üzərinə düşənləri həyata keçirməyi gözləyirlər. O, Enerji İttifaqının yaradılması üçün əlverişli anın gəldiyini vurğulayıb.

Görüşdə BP-nin CQD üzrə vitse-prezidenti Co Mörfi və Trans-Adritaik Boru Kəməri (TAP) layihəsinin icraçı direktoru Kyetil Tunqland da öz fikirlərini bölüşüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə