“Energokredit” mexanizmi təqdim edilib VİDEO

“Energokredit” mexanizmi təqdim edilib VİDEO

Bu gün Energokredit layihəsinin rəsmi təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirin açılış nitqini Avropa Yenidənqurma və İnkişaf Bankının Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Nil Makkeyn edib. O, Azərbaycanın enerji sahəsində tutduğu rolundan danışaraq, ölkədə enerji səmərəliliyinin artırılması ilə büdcəyə 50 %-ə qədər ehtiyat edilə biləcəyini vurğulayıb.

Daha sonra çıxış edən Avstriya Maliyyə Nazirliyinin nümayəndəsi Leander Treppel ölkəsinin energetika sahəsinə ayrılacaq kreditə dəstək verdiyini ifadə edib. Bununla da Azərbaycanda enerjiyə qənaətin daha da artırılacağını deyib.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Anna Malena Mard isə çıxışında Azərbaycanın neftlə zəngin ölkə olduğuna diqqət çəkərək, prezident İlham Əliyevin Milli Strategiya ilə bağlı addımları haqqında danışıb: "Azərbaycan neft və qazla zəngindir. Lakin burada bərpa olunan enerji mənbələri də yüksək səviyyədədir. Azərbaycan prezidenti 2011-ci ildə Milli Strategiya ilə bağlı qərar verib. Bu strategiya 2020-ci ilə qədər davam edəcək. Strategiya çərçivəsində biz də Azərbaycanda fəaliyyət göstərmək niyyətindəyik".

Qeyd edək ki, Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda kiçik və orta müəssisələrdə, yerli şirkətlər və ev təsərrüfatlarında enerji resurslarının daha yaxşı istifadə olunmasını artırmaq üçün "Energokredit" layihəsini təqdim edir. Qafqaz Regionunda Enerji Səmərəliliyi Proqramının (QESP) bir hissəsi olan bu layihə regiondakı tərəfdaş banklarla 125 milyon dollarlıq kredit xəttinin açılması vasitəsilə regionda dayanıqlı enerji investisiyaların yayılmasına dəstək olan AYİB-in Dayanıqlı Enerji Təşəbbüsünə öz töhfəsini verir.

Bütün xəbərlər Facebook səhifəmizdə