Əli Əlirzayev: “Layihələrimiz regionun formasını dəyişir” Açıqlama

Əli Əlirzayev: “Layihələrimiz regionun formasını dəyişir” Açıqlama

"Azərbaycan resursların mərkəzi və sahibidir. Hazırki bazar iqtisadiyyatı şəraitində açıq iqtisadiyyat sahəsində region ölkələri ilə layihələr həyata keçirilir. Bazar tələblərinə uyğun olaraq bizi qane edən, maraqlarımıza uyğun layihələri həyata keçirmək bizim öz qərarımızdır". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Əli Əlirzayev ifadə edib.

O, bu gün Azərbaycanın region ölkələri ilə hansı münasibət bəsləməsinin öz əlində olduğunu vurğulayıb: "Bizim neft və qaz kimi resurslarımızın xarici ölkələrə daşınması çox əhəmiyyətlidir. Enerji layihələri Azərbaycanın dünya inteqrasiya sisteminə daxil olmasına, həm də öz məhsulları artırmasına, dünya böhranında ölkəmizin büdrəməməsinə və inkişafına təsir edir. Bu gün hədəflər baxımından, kimlərə necə münasibət bəsləməli, hansı ölkələrlə mövcud yollar vasitəsilə nə cür məhsul ixrac etməli olduğumuzu beynəlxalq layihələrdə nəzərdə tuturuq".

Eskpert Azərbaycanın region ölkələri ilə neft-qaz və nəqliyyat sistemində həyata keçirdiyi layihələrin həmin regionların formasını dəyişdiyini deyib: "Bizim qonşu ölkələrdən kommunikasiya xətlərimiz keçirsə, ya da müştərək neft və qaz müqavilələrimiz bağlanırsa bu həmin regionların formasını dəyişir. Misal olaraq, Bakı-Tiflis-Ceyhan və Bakı-Tiflis-Qars dəmiryolu layihələrini göstərmək olar. Bu layihələr hansı bölgələri əhatə edirsə, əlbəttə ki, o regionda iş yerləri açılır və xidmət sahəsi genişlənir. Turizmin inkişafında da regional layihələrin böyük təsiri var. Çünkü bu layihələr həmin bölgələrə gediş gəlişi artırır".

Bütün xəbərlər Facebook səhifəmizdə