İlham Əliyev: “Bu, bizim təşəbbüsümüz, bizim resurslarımız idi”

İlham Əliyev: “Bu, bizim təşəbbüsümüz, bizim resurslarımız idi”

"Ötən rübdə ölkəmiz üçün tarixi hadisə baş verib. "Cənub" qaz dəhlizinin təməli qoyulub. Böyük, təntənəli mərasim keçirilib". SİA-nın məlumatına görə, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı deyib.

Prezident İlham Əliyevin sözlərinə görə, bu layihənin icra edilməsi əlbəttə ki, tarixi hadisədir: "Heç kəs üçün sirr deyil ki, burada əsas rolu Azərbaycan oynayıbdır. Bu, bizim təşəbbüsümüz, bizim resurslarımız idi. Biz qonşu ölkələrlə, tərəfdaşlarla birgə bu layihəni icra edəcəyik. Əminəm ki, yaxın gələcəkdə "Cənub" qaz dəhlizi tikiləcək, istifadəyə veriləcək və ölkəmizin bundan sonra onilliklər ərzində inamlı inkişafını təmin edəcək. Bizim siyasi çəkimiz artacaq, iqtisadi sahədə yeni imkanlar yaranacaq. Kəmərin tikintisi zamanı minlərlə, on minlərlə Azərbaycan vətəndaşı işlə təmin ediləcək, yüzlərlə Azərbaycan şirkəti podratçı kimi iştirak edəcək. Yəni bu, ölkəmizə böyük gəlir və siyasi dividend gətirən bir layihədir, tarixi layihədir. Biz fəxr edirik ki, Azərbaycan bu tarixi layihənin icraçısıdır, lider dövlətdir. Bu hadisə doğrudan da tarixdə qalacaq. Keçən əsrin sonlarında "Əsrin kontraktı" imzalanmışdı. O, XX əsrin kontraktı idi. Bu layihə isə XXI əsrin layihəsidir. Əminəm ki, biz bu layihəni də uğurla icra edəcəyik.

Bu ilin doqquz ayının əsas istiqamətlərini qeyd etdim. Əlbəttə ki, bu aylar ərzində çox önəmli hadisələr baş vermişdir. Onlar haqqında burada danışsam, saatlarla vaxt lazım olacaq. Sadəcə olaraq qeyd etməliyəm ki, doqquz ayın yekunları müsbətdir. İlin sonuna qədər iş davam etdiriləcək və bu ili də biz uğurla başa vuracağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə