Üç kənd içməli su ilə təmin edildi

Üç kənd içməli su ilə təmin edildi

Yaponiya hökumətinin "Ot kökləri və insan təhlükəsizliyi" qrant yardım proqramı çərçivəsində Şəmkir rayonunun üç yaşayış məntəqəsinin-Qasımalılar, Göyməmmədli və Çənlibel kəndlərinin su təchizatının yaxşılaşdırılması layihəsi başa çatdırılıb.
Bu münasibətlə sentyabrın 26-da keçirilən mərasimdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Nazim Veysov bu layihənin Yaponiya hökumətinin Şəmkir rayonunda həyata keçirdiyi sayca üçüncü layihə olduğunu bildirib. Qeyd edib ki, bundan əvvəl rayonun Sabirkənd və Ələsgərli kəndlərində müasir tibb məntəqələri inşa edilib. Dəyəri 121 min 722 ABŞ dolları olan və üç kəndin su təchizatının yaxşılaşdırılması layihəsindən isə ümumilikdə 4 min 300 nəfərə yaxın sakin bəhrələnəcəkdir.
Tədbirdə çıxış edən Yaponiyanın Azərbaycandakı səfiri Tsuqua Takahaşi ölkəsinin Azərbaycanda həyata keçirdiyi layihələrdən danışıb. Qeyd edib ki, Yaponiya hökuməti indiyədək Azərbaycanda iqtisadi infrastrukturun yaxşılaşdırılmasına, kənd təsərrüfatının inkişafına, sosial, mədəniyyət və insan resurslarının inkişafı kimi geniş sahələrə ümumilikdə 1 milyard ABŞ dolları ayırıb.
Sonra kəndlərə suyun verilməsini bildirən rəmzi lent kəsilib. Tədbir iştirakçıları saf və ekoloji cəhətdən təmiz olan bulaq suyundan içərək Yaponiya hökumətinə minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə