“Azərbaycan qazının həmin regionlara ixracı ilə iqtisadi xəritəyə də təsir etmiş olacaq” MÜSAHİBƏ
İqtisadi Resursların Öyrənilməsi Mərkəzi İctimai Birliyinin sədri Ruslan Atakişiyevin SƏS TV-yə müsahibəsi:
- Ruslan müəllim, Cənub Qaz Dəhlizi layihəsinin Avropa enerji təhlükəsizliyində, həmçinin Azərbaycanın gələcək iqtisadi inkişafında hansı əhəmiyyətli rol oynayacaq?
- Son dövrlər Avropa qazının Rusiyadan asılılıq məsələsi çox aktuallaşıb və Avropa çalışır ki, ümumiyyətlə differensasiya edib qaz aldığı ölkələrin sayını çoxaltsın. Bununla bir istehsalçıdan asılılığını azaltsın. Beləliklə, rəqabətə əsaslanan şərait yaranacaq ki, artıq Avropa da müxtəlif satıcılar arasında qiymət söhbəti aparmaqla məhsulu ucuz qiymətə ala biləcək. Avropanın təhlükəsizliyində digər məsələ ondan ibarətdir ki, müxtəlif ölkələrdən olan qaz idxalı ilə özünü hər hansı siyasi təhdidlərdən də sığortalıya bilsin. Bu layihədə təbii ki, əsas uduşlu mövqe Azərbaycanındır. Çünki, Azərbaycanda qaz ehtiyatları çox böyükdür. Şahdənizdə 1 triliyon kub metr qaz ehtiyatı var, bununla ümumilikdə Azərbaycanda 2.5 triliyon kub metr qaz ehtiyatının mövcud olduğu göstərilir. Azərbaycan bu qazı istehsal edib ixrac edəcəksə birinci növbədə hədəfi satış imkanları geniş olan Avropa bazarıdır. Bu layihə ilə həmçinin, Azərbaycanın Cənubi Qafqazda iqtisadi mövqeyi daha da möhkəmlənəcək.
- Monteneqro prezidenti belə bir fikir irəli sürdü ki, Cənub Qaz Dəhlizi layihəsi Avropanın xəritəsini dəyişəcək. Bununla bağlı nə deyə bilərsiniz?
- Bu gün Avropa Əlcəzair, Rusiya qazından asılıdır. Azərbaycan qazının Avropaya çıxış nöqtəsinə baxsaq görərik ki, Türkiyə, Yunanıstan, Bolqarıstan, Macarıstan, Avstriya, hətta Ukrayna və Balkan ölkələrinə də qazın çıxma imkanı yaranır. Bu gün həmin ölkələr Rusiya qazından 65-75% asılıdırlar. Azərbaycan qazının həmin regionlara ixracı ilə iqtisadi xəritəyə də təsir etmiş olacaq. Bu baxımdan Azərbaycan qazının bu ölkələrə ötürülməsi ilə qaz borularının yeri dəyişir. Artıq boruların cənub dəhlizindən keçəcəyinin şahidi olacağıq. Beləliklə, Avropa yeni bir partnyorla işləmiş olacaq.
Təranə Səfərova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB