Ruslan Atakişiyev: “Artıq Azərbaycanda alternativ enerji resurslarının inkişafına böyük ehtiyac var”

"Əsrin müqaviləsinin bağlanması, Azərbaycan iqtisadiyyatına geniş təsiri olub". Bunu SİA-ya açıqlamasında İqtisadi Resursların Öyrənilməsi Mərkəzi İctimai Birliyinin sədri Ruslan Atakişiyev deyib.

İqtisadçının sözlərinə görə, həmin dövrdə Azərbaycan iqtisadiyyatı inflyasiya səviyyəsində idi: "Keçmiş SSRİ-nin dağılması ilə Azərbaycanın xarici dövlətlərlə olan əlaqələri qırılıb, ölkəmizin iqtisadiyyatı tənəzzül dövrünü yaşayıb. Belə şəraitdə "Əsrin müqaviləsi"nin bağlanması ilk növbədə Azərbaycana xarici investisiyaların gəlməsi baxımından əhəmiyyət kəsb etdi və bununla da Azərbaycanda neft sənayesinin inkişafının yeni mərhələsi başladı. Digər tərəfdən Azərbaycanda istehsal olunan xam neftin dünya bazarına çıxışına imkan verdi. Həmçinin Azərbaycan neftinin dünya bazarına çıxarılması ilə regionda siyasi sabitlik yarandı və inkişaf etmiş ölkələrin Azərbaycana marağı daha da artdı. Azərbaycanda neft sənayesinin inkişafı ilə əlaqədar olaraq ölkədə işsizliyin səviyyəsi aşağı endi. Neftdən gələn gəlirlər sayəsində Neft Fondu formalaşdı. Bu da ölkə büdcəsinin stabilizator rolunu oynayır. Mütəmadi olaraq dövlət büdcəsində hər hansı boşalma yarandığı zaman Neft Fondunun hesabına ödənilir. Bu gün neft sənayesinin inkişafı Azərbaycan iqtisadiyyatı üçün lokomotiv rolunu oynayır. Onu da diqqətinizə çatdıraq ki, 2008-ci ilin sonlarında Azərbaycanda daxili investisiya xarici investisiyanı ötməyə başlayıb. Həmçinin ölkədə qeyri neft sektoru da inkişaf etdi. Artıq "Əsrin müqaviləsi" və onun növbəti mərhələləri çərçivəsində bağlanmış müqavilələr Azərbaycan iqtisadiyyatına yeni mərhələnin başlanğıcını qoydu. Azərbaycan hər zaman xarici investisiyaları cəlb edən ölkə rolunda iştirak etdiyi halda, artıq son illər ölkəmiz formalaşmış gəlirlərin hesabına xarici dövlətlərə investisiya yatırmağa başlayıb. Artıq Azərbaycanın investisiyalı şirkətləri müxtəlif ölkələrdə qurulur. Bunun nəticəsində Azərbaycanın ikinci iqtisadiyyatı formalaşmağa başlayır. Gürcüstan, Türkiyə, İsveçrə, Fransa, Birləşmiş Ərəb Əmirliyi və başqa ölkələrdə Azərbaycan kapitalının hesabına müəssisələr, şirkətlər açılır. Bununla da yeni gəlirlər formalaşır. Artıq Azərbaycanda alternativ enerji resursları inkişafına böyük ehtiyac var. Düşünürəm ki, qeyri neft sektorunun inkişafına vəsaitin ayrılması, əsasən də kiçik və orta sahibkarlığın maliyyə mənbələrinin genişləndirilməsi və həmçinin ölkənin iqtisadi şaxələnməsi aparılmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...