70 sahibkara 1 milyon manatdan çox güzəştli kredit verilib

70 sahibkara 1 milyon manatdan çox güzəştli kredit verilib

Sentyabrın 5-də İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Şamaxı rayonunun Sabir qəsəbəsində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə həsr olunmuş işgüzar forum keçirib. Şamaxı və ətraf rayonlardan olan 80 nəfərə yaxın sahibkarın iştirak etdiyi tədbirin iştirakçıları güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatlandırılıb. Şamaxı rayonunda həyata keçirilməsi məqsədəuyğun hesab edilən nümunəvi layihələr təqdim olunub. Eyni zamanda, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsi məsələləri geniş müzakirə edilib.

İşgüzar forumda Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev və başqaları çıxış edərək ölkəmizdə sahibkarlara göstərilən dövlət qayğısından, onlara verilən güzəştli kreditlər hesabına özəl sektorda iqtisadi inkişaf meyllərinin güclənməsindən və digər aktual məsələlər barədə ətraflı danışıblar.

Tədbirdə bildirilib ki, 2014-cü ilin ötən ərzində 3658 sahibkara 187.8 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə edilməklə investisiya layihələrinin reallaşdırılması 8000-dən çox yeni iş yerinin açılmasına imkan yaradıb. Qeyd edilib ki, indiyədək Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1340 investisiya layihəsinin maliyyələşdirilməsinə 48.5 milyon manat güzəştli kredit verilib. Digər sahələrlə yanaşı, ixtisaslaşdırılmış "yaşıl market"in, müasir texnologiyaların tətbiqinə əsaslanan fabrikin, çörək zavodunun, meyvə, ət və süd emalı müəssisələrinin, üzümçülük təsərrüfatlarının və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib, 5 mindən çox yeni iş yerinin açılması təmin edilib.

Forum çərçivəsində Şamaxının iqtisadi potensialında prioritetlərdən hesab edilən ixtisaslaşdırılmış "yaşıl market"in və fermer mağazalarının, 50 başlıq südlük istiqamətli ailə fermer təsərrüfatlarının, pendir istehsalı müəssisəsinin, üzümçülük və arıçılıq təsərrüfatlarının (balın sənaye üsulu ilə emalı müəssisəsinin) yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək hissəsinin güzəştli kreditlər hesabına maliyyələşdirildiyi bildirilib.

İşgüzar forum çərçivəsində Şamaxı və ətraf rayonlardan olan 70-ə yaxın sahibkara 1 milyon manatdan çox güzəştli kredit verilib. Bu kreditlərin reallaşdırılması hesabına 130-a yaxın yeni iş yerinin açılması mümkün olacaq.

Tədbirdə sahibkarlarla müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında investisiya layihələri barədə işgüzar müzakirələr aparılıb. Sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.

Forum çərçivəsində İsmayıllı rayonunun Keyvəndi kəndində 1000 başlıq müasir heyvandarlıq kompleksində aparılan tikinti-quraşdırma işlərinə, Şamaxı rayonunun Çarhan kəndində üzümçülük və Göylər kəndində arıçılıq təsərrüfatlarına baxış keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə