Əmək yarmarkasında 46 təşkilatdan 490 boş iş yeri təqdim olundu

Əmək yarmarkasında 46 təşkilatdan 490 boş iş yeri təqdim olundu

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən Naxçıvan şəhərində təşkil edilən əmək yarmarkasında 46 təşkilatdan 490 boş (vakant) iş yeri təqdim olundu. Yarmarkada 57 nəfərə işə göndəriş verildi. SİA-nın azərtac-a istinadən verdiyi xəbərə görə, tədbirdə çıxış edən Naxçıvan Şəhər Məşğulluq Mərkəzinin direktoru Əli Məmmədov əhalinin məşğulluğunun artırılması ilə bağlı muxtar respublikada həyata keçirilən məqsədyönlü işlərdən söhbət açdı.

Bildirildi ki, Naxçıvan şəhərində aparılan tikinti-quruculuq işlərinin genişləndirilməsi, müxtəlif istehsal və xidmət sahələrinin yaradılması, həmçinin ayrı-ayrı dövlət müəssisələrində müvafiq ştatlara olan tələbatın ödənilməsi nəticəsində xeyli iş yeri yaradılıb. Bu da iş­axtaran vətəndaşların qarşısında geniş imkanlar açır. Keçirilən əmək yarmarkaları isə əhalinin məşğulluğunun təmin olunmasında və sosial müdafiəsinin yaxşılaşdırılmasında mühüm rol oynayır.

Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı İsmayıl Gülməmmədov qeyd etdi ki, Azərbaycan vətəndaşlarının sosial rifahının yüksəldilməsi, əhalinin məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlərin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Hazırda uğurla davam etdirilən bu strateji xətt muxtar respublikamızın sosial-iqtisadi inkişafını sürətləndirməklə bərabər, əhalinin rifah halının yaxşılaşdırılmasına da geniş imkanlar açıb. Mütəmadi olaraq təşkil edilən əmək yarmarkaları isə qarşıya qoyulmuş vəzifələrin icrası yönündə həyata keçirilən tədbirlərdəndir.

İşaxtaran vətəndaşlar – Ramiz Quliyev və Leyla Məmmədova çıxış edərək bildirdilər ki, vətəndaşların müvafiq işlərlə təmin edilməsində əmək yarmarkalarının əhəmiyyəti böyükdür. İstənilən işaxtaran burada öz ixtisasına və bacarığına uyğun iş tapa bilər. Sevindirici haldır ki, yeni iş yerləri haqqında müəyyən məlumatları aidiyyəti qurumların burada təmsil olunan nümayəndələrindən almaq mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə