Təhlükəsizlik tədbirləri fövqəladə hallar orqanlarının diqqət mərkəzindədir
Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzində "Köhnə Bakı - Yeni Bakı: təzadlar və perspektivlər əhalinin həyat və fəaliyyətinin təhlükəsizliyi müstəvisində" mövzusunda elmi-nəzəri seminar keçirilib.
Seminarı açan Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçıyev qeyd edib ki, son illərdə Bakıda baş verən müsbət dəyişikliklər hamımızı sevindirir. Bu dəyişikliklərlə bağlı təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi fövqəladə hallar orqanlarının diqqət mərkəzində saxlanılır.
FHN-in mətbuat xidmətindən bildiriblər ki, sonra tədbir iştirakçılarının diqqətinə çatdırılan təqdimatda genişmiqyaslı tikintilər, tıxaclar, ictimai nəqliyyat, yeraltı kommunikasiyalar, sığınacaq və daldalanacaqlar, lift təsərrüfatı, sürücü və piyada mədəniyyəti, şəhərin ekologiyası, alternativ enerjidən istifadə, fiziki imkanları məhdud vətəndaşlarla bağlı bütün problemlər əksini tapıb.
Daha sonra Bakı Dövlət Layihə İnstitutunun direktoru, Əməkdar Memar İlqar İsbatov "Böyük Bakının regional inkişaf planı", "Ağ şəhər" layihəsinin inkişaf rəhbəri Fuad Verdiyev "Ağ şəhərsalma" layihəsinin təqdimatlarını nümayiş etdirib, Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin sektor müdiri Tofiq Həsənov "Bakı şəhərində mövcud ekoloji vəziyyət - problemlər, istifadə olunmamış imkanlar, perspektivlər", Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov "Köhnə bulvar – Yeni bulvar: köhnə problemlər – yeni problemlər", Tikilən Bakı Metropoliteni Müdiriyyətinin Texniki-İstehsalat şöbəsinin rəisi Aftandil Bayramov isə "Bakı Metropoliteninin konseptual inkişaf planı əhalinin təhlükəsizliyinin təmin olunmasında mühüm faktorlardan biri kimi" mövzularında çıxışlar ediblər.
"Azərsu" ASC, Bakı Şəhər Baş Polis İdarəsi və Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin nümayəndələri qaldırılmış problemlərin həlli üçün təkliflər irəli sürüblər.
İşgüzar şəraitdə keçən seminarda FHN Aparatının və qurumlarının, Bakı Şəhər İcra Hakimiyyətinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun, Azərbaycan Memarlıq və İnşaat Universitetinin, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, Bakı Şəhəri üzrə Təhsil və Baş Səhiyyə idarələrinin, "Azəriqaz" İstehsalat Birliyinin, "Bakıelektrik şəbəkə" ASC-nin, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin, "Azəryolservis" ASC-nin, "Təmiz Şəhər" ASC-nin, Bakı Regional Mərkəzinin nümayəndələri iştirak etmişlər.
Tədbirdə səsləndirilən bütün çıxışların audioyazısı aparılıb, mətnlər və irəli sürülmüş təkliflərin təhlil edildikdən sonra seminarın işçi qrupu tərəfindən tövsiyələr hazırlanıb müvafiq instansiyalara təqdim edilməsi qərara alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB