Bolqarıstan Respublikasının Baş naziri Plamen Oreşarski dünya informasiya bazarında fəaliyyətinin 15 illik yubileyi münasibətilə Caspian Energy İnternational Media Group-un oxucularını və redaksiya heyətini təbrik edib.
Qurumdan SİA-ya verilən xəbərə görə, baş nazir məktubda "Artıq 15 ildir Caspian Energy jurnalının işinə öz töhfəsini verən bütün naşir və jurnalistləri, həmçinin energetika kimi ümumdünya əhəmiyyətli məsələyə göstərdikləri marağa görə jurnalın geniş oxucu auditoriyasını təbrik etmək istərdim", - deyə bildirib.
"Enerji təhlükəsizliyi, enerji resurslarından və energetika layihələrindən istifadə ilə bağlı məsələlərin işıqlandırılması və təhlili, yüksək səviyyədə peşəkarlıq və bacarıq tələb edir ki, bu xüsusiyyətlərin də hamısını Caspian Energy jurnalı nümayiş etdirir", - deyə o qeyd edib.
"Bolqarıstan strateji partnyoru olan Azərbaycanla parlaq əlaqələri yüksək qiymətləndirir. Mən Prezident İlham Əliyevə konstruktiv dialoqa göstərdiyi dəstəyə görə minnətdarlığımı bildirirəm. Ümid edirəm ki, gözəl siyasi əlaqələr iqtisadi əməkdaşlığın möhkəmlənməsi çərçivəsində əvvəlki kimi inkişaf edəcək və bizim ikitərəfli əlaqələrimizi gücləndirəcək", - deyə Bolqarıstan hökumətinin başçısı əlavə edib.
"Mən marşrutların və enerji resurslarının nəqli və mənbələrinin diversifikasiyasına yönəlmiş real addımlarda Azərbaycanın töhfəsini qeyd etmək istərdim. Bu baxımdan Cənubi Qaz Dəhlizinin tamamlanması həm Bolqarıstan, həm də ümumilikdə Cənub-Şərqi Avropa üçün mühüm rol oynayır. Cənubi Qaz Dəhlizinin inkişaf prosesi Caspian Energy jurnalı tərəfindən bu cür işıqlandırıldığı üçün şadam. Xahiş edirəm, hər bir uğura görə səmimi diləklərimi qəbul edəsiniz", - deyə Plamen Oreşarski xüsusilə qeyd edib.
Bolqarıstan Respublikasının Baş naziri Plamen Oreşarskinin eksklüziv müsahibəsi Caspian Energy jurnalının 84-cü sayında (fevral-mart 2014-cü il) dərc edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB