"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) gələcəkdə inşa olunacaq yeni stansiyalarında ən müasir avadanlıqların, işarəvermə və idarəetmə sistemlərinin tətbiqi nəzərdə tutulur.
QSC-nin mətbuat xidmətindən bildirmişlər ki, bunun üçün metropoliten işçilərinin təlim və tədris imkanlarının inkişafına yönəlmiş yeni tədris mərkəzi yaradılacaqdır. Mərkəzdə bu sahədə tətbiq olunan yeni texnologiyalar, onların texniki göstəriciləri, idarə olunması və müvafiq beynəlxalq təcrübənin öyrənilməsi ilə bağlı mütəmadi təlimlər keçiriləcəkdir. Həmçinin işçilər QSC-nin əməkdaşlıq etdiyi Fransa şirkətlərinin məhsullarının bu ölkənin mütəxəssisləri ilə birgə Bakı Metropoliteninin stansiyalarında quraşdırılmasına cəlb olunacaq və həmin şirkətlərə ezam ediləcəklər.
Məlumatda bildirilir ki, Fransa Prezidenti Fransua Ollandın Azərbaycana rəsmi səfəri zamanı "Bakı Metropoliteni" QSC ilə Fransanın üç şirkəti arasında beş anlaşma memorandumu imzalanmışdır. Həmin memorandumlarda metronun istər yeni inşa olunan, istərsə də mövcud xətlərində istifadə edilmək üçün müasir vaqonların alınması, "28 May" stansiyasının yenidən qurulması ("qırmızı" və "yaşıl" xətlərin ayrılması), "yaşıl" xəttin davamı olaraq "Xətai" stansiyası ilə "Həzi Aslanov-2" stansiyası arasında bir neçə stansiyanın inşasının birgə reallaşdırılması və Bakı Metropoliteninin texnoloji cəhətdən gücləndirilməsi öz əksini tapmışdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB