Prezident: “Azərbaycanda korrupsiyaya qarşı mübarizəni uğurla aparmaq üçün möhkəm siyasi iradə mövcuddur”
"Azərbaycan dinamik və dayanıqlı iqtisadi inkişafa nail olan ölkədir. Həyata keçirilən siyasi, hüquqi və sosial siyasət nəticəsində Azərbaycanda demokratik və ədalətli dövlət qurulub, şəffaf ictimai münasibətlər sistemi formalaşıb". SİA-nın xəbərinə görə, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Hökuməti və Avropa Şurası tərəfindən Avropa Şurasının Korrupsiyaya Qarşı Mübarizə Aparan Dövlətlər Qrupu (GRECO) və Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) iştirakçılığı ilə "Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr" mövzusunda Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciətində deyib.
Müraciəti Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev oxuyub.
Prezident İlham Əliyev qeyd edib ki, dövlət idarəçiliyində səmərəliliyin təmin edilməsi, açıq hökumət institutlarının tətbiqi, elektron xidmətlərin inkişafı, korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin başlıca istiqamətləridir.
Dövlət başçısının sözlərinə görə, Azərbaycanda korrupsiyaya qarşı mübarizəni uğurla aparmaq üçün möhkəm siyasi iradə mövcuddur: "Ölkəmizin korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq təşəbbüslərə qoşulması ilə qanunvericilik bazası tam müasirləşdirilib və institusional islahatlar həyata keçirilib".
Prezident İlham Əliyev vurğulayıb ki, təəssüflər olsun ki, korrupsiya bütün dünyada, o cümlədən Avropa ölkələrində də aktual problemlərdən biri olaraq qalır: "Ona görə də bu sahədə daim yeni təşəbbüslərin irəli sürülməsi zəruridir. Avropa Şurasına üzv ölkələrlə Azərbaycan arasında əlaqələr daim inkişaf edir, müxtəlif sahələrdə genişlənir. Mayın 14-dən Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edir. Ölkəmiz sədr olduğu dövrdə korrupsiyaya qarşı mübarizəni prioritet elan etmiş və üzv ölkələrin qarşılaşdıqları problemlərlə ciddi şəkildə məşğul olmaq niyyətindədir. Əminəm ki, korrupsiyaya qarşı mübarizədə milli və beynəlxalq səylərin gücləndirilməsinə xidmət edən bu konfrans fəaliyyətimizin daim əlaqəli təşkilinə və əməkdaşlığımızın genişlənməsinə töhfə verəcəkdir. Sizi bir daha təbrik edir və konfransın işinə uğurlar arzulayıram!"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB