“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” müasir kommersiya strukturuna çevriləcək
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"ndə yeni struktur islahatları aparacaq, Səhmdar Cəmiyyəti beynəlxalq standartlara cavab verən, səmərəli fəaliyyət göstərən müasir kommersiya strukturuna çevirəcəyik. Bu sözləri "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev 25 İyun – "Dənizçi günü" peşə bayramı münasibətilə keçirilən təntənəli tədbirdə jurnalistlərə müsahibəsində demişdir.
Azərbaycanda gəmiçiliyin çox böyük və zəngin tarixə malik olduğunu söyləyən Səhmdar Cəmiyyətin sədri qeyd etmişdir ki, qarşıda çox ciddi hədəflər vardır. "Bu hədəflərə çatmaq üçün artıq müəyyən işlər görülməkdədir. Çalışacağıq ki, Xəzər dənizindəki mövqeyimizi möhkəmləndirək. Növbəti mərhələdə isə Xəzərdən kənarda digər xarici şirkətlərlə bərabər səviyyədə, rəqabətə davamlı şəkildə fəaliyyət göstərək. Bunun üçün dövlət tərəfindən bizə tam dəstək göstərilir" - deyə R.Vəliyev vurğulamışdır.
Ötən ilin sentyabrında Azərbaycanda gəmiqayırma zavodunun istismara verildiyini bildirən Səhmdar Cəmiyyətin sədri bu müəssisədə donanmanın daha müasir gəmilərlə təchiz olunması üçün müəyyən proqramların hazırlandığını diqqətə çatdırmışdır. Qeyd edilmişdir ki, yaxın gələcəkdə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin istifadəyə verilməsi, eləcə də İpək Yolunda tranzit yük daşımaların həcminin artması "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nin fəaliyyəti üçün münbit şərait yaradacaqdır.
R.Vəliyev kollektivin bu hədəflərə çatmaq üçün var gücü ilə çalışacağına, onlara göstərilən yüksək etimadı layiqincə doğruldacağına əminliyini ifadə etmişdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB