Göyçayın işıqlandırılması istiqamətində əhəmiyyətli addımlar atılır

Göyçayın işıqlandırılması istiqamətində əhəmiyyətli addımlar atılır

Digər elektrik şəbəkələrində (EŞ) olduğu kimi "Göyçay EŞ"də də istismar səviyyəsinin daha da yaxşılaşdırılması istiqamətində əhəmiyyətli addımlar atılmaqdadır. Bu barədə SİA-ya Azərenerji ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, gələcəkdə də istehlakçıların daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təchiz edilməsi və texniki-iqtisadi göstəricilərin səviyyəsinin yüksəldilməsi üçün nəzərdə tutulan tədbirlər ardıcıllıqla icra olunur. "Həmişə olduğu kimi, cari ilin son üç ayında da müəssisəmizin xidməti ərazilərində yenidənqurma və təmir-bərpa işləri vaxtlı-vaxtında həyata keçirilir. Həyata keçirilən təmir işlərini nəzərə alaraq demək olar ki, rayonun enerji təminatında fövqəladə vəziyyətləri istisna etməklə heç bir problem yaranmayacaq.

Bütün bunlarla yanaşı elektrik enerjisindən istifadə zamanı qaydaların pozulmasının qarşısının alınması istiqamətində də xeyli işlər görülüb və bu istiqamətdə tədbirlər davam etdirilir.

Cari ilin aprel ayında müəssisənin xidməti ərazisində keçirilən reydlər zamanı 16 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilib. Aşkar edilən qayda pozuntuları müvafiq qaydada aktlaşdırılıb və 89 min kilovatsaat itirilən elektrik enerjisinin 5,3 min manat istehlak dəyəri bərpa edilib. Hesabat ayında həmin bu məbləğlə yanaşı, ötən aylardan aktlara görə yaranıb debitor borcun da müəyyən hissəsinin ödənişi təmin edilib.

Qeyd edək ki, burada cari ilin 4 ayı ərzində keçirilmiş reydlər zamanı 60 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilərək müvafiq qaydada aktlar tərtib edilib. Aktlar üzrə hesabat aparılaraq 232,3 min kilovatsaat itirilmiş elektrik enerjisinin 13,9 min manatdan çox istehlak dəyəri bərpa edilib. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğlə yanaşı ötən ildən aktlara görə yaranmış debitor borcun da müəyyən hissəsinin ödənişi təmin edilib və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Yeri gəlmişkən, qayda pozuntuları ən çox məişət abonenti (əhali) istehlakçı qrupundadır və sayğacdan kənar xətt vasitəsilə enerjidən istifadə halı üstünlük təşkil edir.

Görülən zəruri tədbirlər istismar səviyyəsini yüksəldib, istehlakçıların elektrik enerjisi ilə təminatında müsbət dəyişikliklər yaradıb. Cari ilin aprel ayında müəssisə üzrə 7,1 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 367 min kilovatsaat çoxdur. Ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə ödəniş mütləq 4 faizdən çox artıb. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə bu göstəticilər müvafiq olaraq 4,5 milyon kilovatsaata və 314 min kilovatsaata yaxın olub Ödənişdə mütləq artım isə 5 faizə yaxın olub.

Qeyd edək ki, müəssisə üzrə cari ilin ötən 4 ayı ərzində isə ümumi istehlak edilən elektrik enerjisinin miqdarı 30,9 milyon kilovatsaatdan artıq olub. Nəticədə 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə ümumi istehlak 1,6 milyon kilovatsaata yaxın artıb, ödənişdə mütləq artım isə 6 faizə yaxın olub. O cümlədən, daimi əhali qrupunda istehlak 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,3 milyon kilovatsaatdan çox artaraq 19,7 milyon kilovatsaata, ödənişdə mütləq artım isə 6 faizə yaxın olub.

Bütün xəbərlər Facebook səhifəmizdə