Aydın Hüseynov: "Azərbaycan yaxın gələcəkdə ÜTT-yə üzv olacaq" Müsahibə
İqtisadçı-ekspert Aydın Hüseynovun SƏS TV-yə müsahibəsi:
- Ümumdünya Ticarət Təşkilatının fəaliyyəi nədən ibarətdir?
- Bu təşkilat 1995-ci təsis olunub. Mərkəzi qərargahı isə İsveçrənin paytaxtı Cenevrədə yerləşir. 159 ölkə bu qurumun üzvüdür. 25 ölkə və bir çox beynəlxalq təşkilatlar isə məşvərətçi səs hüququna malikdirlər. Dünya iqtisadiyyatının 98 faizinə qədəri ÜTT-nin nəzarətindədir. Bu da böyük iqtisadi potensiala malik olmaq deməkdir. Qurumun əsas məqsədi dünya sistemində ticarətin maksimal şəkildə liberallaşdırılmasını təmin etməkdir. Burada həmçinin azad ticarət zonalarından sərbəst istifadə edilməsi, digər tərəfdən isə sahibkarlıq, investisiya qoyuluşu, ümumilikdə isə iqtisadiyyatın bütün sahələrini özündə xarakterizə edən bütün amillərin maksimal şəkildə inkişafının təmin olunması başlıca istiqamətlərdən biridir.
- Azərbaycan bu təşkilata üzv olmağa hazırdır?
- Azərbaycan hələ 1997-ci ildən ÜTT-yə üzv olmaqla bağlı öz fikrini bildirib. Bununla bağlı qrup yaradılaraq ərizə ilə müraciət olunub. Azərbaycan artıq öz iqtisadi modelini dünyanın iqtisadi inkişaf tempinə sala bilib. Azərbaycan əldə etdiyi iqtisadi uğurlar və digər parametrlərə görə unikal iqtisadiyyata malik olan ölkədir. Yəni, bugünkü iqtisadi islahatlar dünyanın özünü və iqtisadiyyatla məşğul olan bir çox mərkəzlərin diqqətini cəlb edir. Azərbaycan bu təşkilata özünə sərf edən və iqtisadi səmərə verən, eyni zamanda həyata keçirmiş olduğu beynəlxalq siyasətin tərkib hissəsinə xələl gətirməyən şəkildə qoşula bilər. Odur ki, hazırda ölkəmizin iqtisadi potensialı kifayət qədər inkişaf edib. Misal olaraq, Azərbaycanın valyuta ehtiyatları 53 milyard manatı keçib. ÜDM isə 58 milyard manatı üstələyib. Eyni zamanda dövlət büdcəmiz 20 milyard manatdan çoxdur. Bununla yanaşı, Azərbaycan bir çox qlobal layihələrin müəllifidir. Ölkənin bu qədər iqtisadi inkişafı həmin təşkilata qoşulmağa hazır olduğumuzu bir daha bəyan edir.
- Necə düşünürsünüz, Azərbaycan məhsulları xarici ölkə məhsulları ilə rəqabət aparmaq gücünə malikdirmi?
- Ölkə iqtisadiyyatında əsas məqsəd ölkə iqtisadiyyatında neft asılılığını minimuma çatdırmaq, eyni zamanda rəqabət qabiliyyətli və ixracyönümlü məhsullar istehsal etməkdir. Bununla da dünya bazarlarına öz brendləri ilə çıxmaq imkanı əldə etmək lazımdır. Bildiyimiz kimi, 2014-cü il "Sənaye ili" elan olunub. Bununla bağlı prezidentin fərmanı ilə Tədbirlər Planı da hazırlanıb. Azərbaycanda böyük texnoparklar fəaliyyət göstərir. İstehsal etdiyimiz məhsullar artıq dünya bazarına öz addımlarını atır. Artıq bir çox işlər mərhələli şəkildə həyata keçirilir.
- Yuxarıda qeyd etdiyiniz kimi, Azərbaycanın ÜTT-yə qoşulması üçün potensialı var. Hətta bu yaxınlarda XİN müavini Mahmud Məmməd-Quliyev də çıxışı zamanı bu barədə məlumat vermişdi. Bu məqamda Azərbaycanın quruma üzv olması artıq bir addımlıqdadır demək olarmı?
- Azərbaycan yaxın gələcəkdə ÜTT-yə üzv olacaq. Bununla bağlı beynəlxalq arenada ikitərəfli danışıqlar aparılır. Hətta artıq 13 ölkə ilə ikitərəfli müqavilələr imzalamışıq. Həmin ölkələr də dünyada kifayət qədər iqtisadi potensiala malik dövlətlərdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB