Ekspert: “Şanxay Bəyannaməsində Azərbaycan üçün önəmli olan məsələlərdən biri Qarabağla bağlıdır” MÜSAHİBƏ

Ekspert: “Şanxay Bəyannaməsində Azərbaycan üçün önəmli olan məsələlərdən biri Qarabağla bağlıdır” MÜSAHİBƏ

İqtisadçı-ekspert Azər Mehdiyevin SƏS TV-yə müsahibəsi

- Şanxay Zirvə Toplantısında enerji təhlükəsizliyi ilə bağlı bəyannamə qəbul edilib. Bu bəyannamənin Azərbaycan iqtisadi maraqlarının qorunması baxımından önəmini necə qiymətləndirmək olar?

- Əvvəlcə onu qeyd edim ki, Şanxay zirvəsindəki prosesləri tam olaraq iqtisadi proseslər hesab etmək olmaz. Bu daha çox siyasi xarakterli bir toplantıdır. Bildiyimiz kimi bu artıq 4-cü zirvə toplantısıdır. Yəni az bir müddətdir ki bu qurum fəaliyyət göstərir. Əslində bu toplantı dünya miqyasında güc mərkəzlərinin formalaşması, yerdəyişməsi ilə bağlı olan proseslərdir. Asiyada da yeni bir güc mərkəzinin formalaşdırılması prosesi gedir. Təbii ki, burda Asiyanın böyük dövlətləri iştirak edirlər. Və bu dövlətlər üçün siyasi maraqlarla yanaşı iqtisadi maraqlar da çox önəmlidir. Təsadüfi deyil ki, 4-cü zirvə toplantısı böyük bir qaz sazişi ilə müşayiət olundu. Bu baxımdan Azərbaycan Avropaya inteqrasiya xəttini götürsə də eyni zamanda Asiyaya inteqrasiyadan imtina etmir və Asiya Azərbaycan üçün böyük bir bazarlardan sayılır. Bu bölgədə baş verən proseslər baxımından Azərbaycan iqtisadi maraqlara görə çox önəmli rol oynayır. Xüsusilə nəzərə alaq ki, Azərbaycan iqtisadiyyatı üçün geniş bazarlar Asiyada mövcuddur. Əgər bu zirvənin davamı gələrsə və bu münasibətlər dərinləşib konkretləşərsə gələcəkdə iqtisadi münasibətlərin daha da liberallaşması baxımından cəlbedici görünür.

- Azər müəllim, toplantıda nəqliyyat və logistika sistemlərinin inkişafı üzrə birgə səylərin artırılması bildirilib və məslə qəbul edilən Bəyannamədə yer alıb. Sizcə, bu dövlətlər arasında ticarət əlaqələrinin genişlənməsində nə kimi rola malik ola bilər?

- Əslində burada ən böyük məsələ logistika məsələsidir. Şanxay Bəyannaməsində Azərbaycan üçün önəmli olan məsələlərdən biri Qarabağla bağlıdır. Bəyannaməyə bununla bağlı xüsusi bənd salınıb. Təbii ki, bu siyasi aspekt baxımından çox önəmlidir. Lakin siyasi aspektlə yanaşı həm də iqtisadi münasibətlərin qurulması baxımından önəmli bir cizgidir. Ona görə ki, bu sazişə daxil olan ölkələrin Qarabağ məsələsinə münasibəti, həm də Azərbaycanla iqtisadi əlaqələrin genişləndirilməsi baxımından çox önəmli rol oynayır. İkinci bir tərəfdən Azərbaycan tranzit baxımından çox əlverişli bir yerdə yerləşir. Beynəlxalq iqtisadi münasibətlərin qurulmasında logistika, tranzit xətləri çox önəmli rol oynayır. Çünki bütün ticarət əlaqələri müqavilələr formasında rəsmiləşsə də son nəticə daşınmaqdan keçir. Azərbaycanın bu baxımdan enerji sektorunda, neft-qaz layihələrində önəmli bir coğrafi mövqeyə malik olması bu istiqamətdə Asiyada formalaşmaqda olan mühüm bir güc mərkəzində önəmli rola malik ola bilər. Və Azərbaycan həm öz məhsulunun bazarda satışı baxımından, həm də tranzit olaraq yük daşınması baxımından böyük gəlirlər əldə etmək imkanına malik ola bilər.

- ABŞ-ın və Avropanın Rusiyaya yönələn sanksiyaları fonunda Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun daha da artığını demə olarmı?

- Əslində bir neçə ildir ki Azərbaycanın xüsusilə Avropanın enerji təhlükəsizliyində önəmli bir rol oynadığını görürük. Bu da təsadüfi deyil ki, Qərbin və ABŞ-ın Azərbaycanla bağlı mövqelərindən danışan zaman enerji təhlükəsizliyi məsələsi önə gəlir. Yəni Avropanın istədiyi odur ki, Qərb Rusiyanın enerji asılılığından çıxsın. Və bunun vasitələrindən biri həm enerji mənbəyi olan, həm də tranzit mövqeyə malik olan Azərbaycan cəlbedicidir. Həm ABŞ-ın və Avropanın Rusiyaya tətbiq edəcəyi sanksiyalar baxımından, həm də son zamanlar qərbin Rusiya ilə münasibətlərindəki gərginlik baxımından Azərbaycanın qərb üçün əhəmiyyəti artır. Xüsusilə də enerji təhlükəsizliyinin təmin edilməsi baxımından.

- Azər müəllim, "Şahdəniz" layihəsinin tammiqyaslı işlənməsi Azərbaycanın dünyanın əsas qaz təchizatçılarında olduğunu demək olar?

- "Şahdəniz" layihəsi Azərbaycan üçün mühüm layihələrdən biridir. Ən əhəmiyyətli layihə isə "Əsrin müqaviləsi" layihəsidir. Çünki Azərbaycan üçün böyük gəlirlər mənbəyi kimi hələ ki neft olaraq qalır. Sadəcə olaraq "Şahdəniz" layihəsi və bu layihə ilə yanaşı Azərbaycan "Ümid" yatağı və əlavə qaz ehtiyatlarının istismarından növbəti mərhələlərdə istifadə edilməsi qaz ixracı imkanlarını xeyli genişləndirən bir amildir. Azərbaycan real olaraq Avropanın bütün qaz ehtiyatlarını ödəmək iqtidarında olan bir mənbə deyil. Ancaq müəyyən hissəsini təmin etmək iqtidarındadır. Artıq Azərbaycan qazı Avropanın siyasətində dövr olunur. Xüsusilə də vurğulamaq lazımdır ki, Azərbaycanın bu qazı Avropaya satmasından daha çox Avropanın bu qazına ehtiyacı var. Buna görə də bu layihələrin həm Azərbaycanın özünün gəlirlər əldə etməsi baxımından, həm də Avropaya inteqrasiyası baxımından böyük rola malikdir.

- "Şahdəniz" dən hasil olunan qazın Trans-Anadolu boru kəməri vasitəsilə Avropaya daşınması Azərbaycana hansı dividentlər gətirir?- Trans-Anadolu Boru kəməri Azərbaycanı Avropaya bağlayır. Təbii ki, Azərbaycan qaz vasitəsilə Avropaya bağlansa da bu qazın Azərbaycana gətirdiyi birincisi iqtisadi mənada gəlirlərdir, ikincisi siyasi mənada olan gəlirlərdir. Ona görə ki, ölkənin siyasi mövqeyi möhkəmlənir. Avropa üçün Azərbaycanın tranzit ölkə olaraq, enerji mənbəyi olaraq əhəmiyyəti artır. Həmçinin Rusiya ilə Avropanın münasibətlərində Rusiyaya təsir göstərmək vasitəsi kimi ortaya çıxır. Rusiyanın da iqtisadi potensialının nəzərə almaq lazımdır. Azərbaycan da məhz Trans-Anadolu Boru kəməri vasitəsilə həm Rusiyanın mənafelərinə toxunma baxımından çox mühüm addım atdı ki, ən azından Rusiya ilə münasibətlər həddindən artıq dərinləşməsin, həm də Avropanın enerji təminatında mühüm rol oynayan layihəyə imza atmış oldu.

Təranə Səfərova

Bütün xəbərlər Facebook səhifəmizdə