Əli Abbasov Çilidə səfərdə olub

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov martın 10-nu və 11-i Çilidə prezident mandatının Sebastian Pinera Eçenikedən yeni seçilən prezident Mişel Baçeletə keçməsi mərasimində Azərbaycan Respublikası hökuməti adından iştirak etmək məqsədilə Çilidə səfərdə olub. Nazirlikdən SİA-ya verilən xəbərə görə, səfərin birinci günü nazir Əli Abbasov mandatını başa vurmaqda olan prezident Sebastian Pinera və onun hökumətindəki xarici işlər naziri Alfredo Morenonun adından təşkil olunan rəsmi tədbir və qəbullarda iştirak edib.

Martın 11-də isə yeni prezident Mişel Baçelet və onun hökumət üzvlərinin andiçmə mərasimində iştirak edən nazir Çilinin dövlət başçısına Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin ən xoş arzularını və səmimi təbriklərini çatdırıb.

Səfər çərçivəsində son olaraq nazir Çilinin yeni daxili işlər naziri cənab Rodriqo Penailillonun adından xarici nümayəndə heyətləri başçılarının şərəfinə təşkil olunan rəsmi qəbulda da iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə