"Azərsu" ASC Türkiyə ilə əlaqələri genişləndirir FOTO

"Azərsu" ASC Türkiyə ilə əlaqələri genişləndirir FOTO

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti kadr potensialının gücləndirilməsi, işçilərin peşə hazırlığının artırılması istiqamətində tədbirləri davam etdirir. "Azərsu" ASC-nin Türkiyənin Gedik Universiteti və UGETAM şirkəti ilə əməkdaşlığı çərçivəsində bu gün "İnfrastrukturun yenilənməsi və keyfiyyət anlayışı" mövzusunda növbəti təlimə start verilib. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bu məqsədlə Türkiyənin bir sıra təhsil və sənaye müəssisələrinin mütəxəssislərindən ibarət nümayəndə heyəti ölkəmizə gəlib.

Təlim proqramının açılış mərasimində çıxış edən "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov layihələrin keyfiyyətlə icra olunmasında, eləcə də infrastrukturun idarəedilməsində yeni texnologiyaların tətbiqinə ciddi diqqət yetirildiyini bildirib: "Bu sahədə qabaqcıl təcrübənin mənimsənilməsi və tətbiqi məqsədi ilə müxtəlif ölkələrin, o cümlədən Türkiyə şirkətləri ilə sıx əməkdaşlıq edilir. Bütün bunlar nəzərə alınaraq "Azərsu" ASC-nin mütəxəssisləri ölkə daxilində və xaricdə təşkil olunan təlimlərə cəlb edilirlər. Son 2 ildə təşkil olunan 75 təlimə Səhmdar Cəmiyyətin 1600-ə yaxın işçisi cəlb olunub. Mütəxəssislərin 240 nəfəri Türkiyə Su İnstitutu, İstanbul şəhər Sukanal İdarəsi, 12 rəhbər işçi isə İzmit Sukanal İdarəsində istehsalat sahələri ilə tanış olmaq imkanı əldə ediblər. Təlimlərdə layihələndirmə, tikinti, mexanika, energetika, avtomatika, içməli su və çirkab sutəmizləyici qurğuların istismarı, abonent işləri, informasiya kommunikasiya texnologiyaları, tikinti və digər sahələr üzrə mütəxəssislər iştirak edərək böyük təcrübə qazanıblar".

"Azərsu" ASC-nin sədri belə tədbirlərin təşkilinin əhəmiyyətli olduğunu və təlimlərin gələcəkdə də davam etdirilməsinin vacibliyini qeyd edib.

Təlim keçmək üçün dəvət olunan Türkiyənin Gedik Holdinq şirkətinin rəhbəri Mustafa Koçak, Türkiyə Respublikasının ölkəmizdəki səfirinin müşaviri Meral Barlas, Gedik Universitetinin müəllimi, sabiq səfir Erkan Gezer, UGETAM şirkətinin idarə heyətinin rəhbəri Ümit Doğay Arınç çıxış edərək təlimlərin əhəmiyyətini vurğulayaraq, bu işdə Azərbaycan şirkətlərinə kömək etməkdə maraqlı olduqlarını bildiriblər.

4 gün davam edəcək təlimlərdə "Azərsu" ASC-nin əməkdaşlarına, həmçinin su və kanalizasiya layihələrini icra edən podratçı şirkətlərin mütəxəssislərinə qaynaq texnologiyaları, içməli suyun təmizlənməsi və nəqli, tullantı sularının zərərsizləşdirilməsi, sayğaclaşma və digər məsələlərlə bağlı təlimlər veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə