Brüsseldə 4-cü Xəzər Forumu keçirilib

Brüsseldə 4-cü Xəzər Forumu keçirilib

Brüsseldə 4-cü Xəzər Forumu keçirilib. Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) SİA-ya verilən məlumata görə, Xəzər Strateji İnstitutu (HASEN) tərəfindən Avropa Parlamentinin binasında təşkil olunan tədbirdə Azərbaycanın Belçika, Lüksemburq və Avropa Birliyindəki səfiri Fuad İsgəndərov, ARDNŞ-nin Belçika nümayəndəliyinin rəhbəri Vüsal Məmmədov iştirak edib.

"Cənubi Qaz Dəhlizi: fürsətlər və problemlər" mövzusuna həsr olunmuş forumun panellərində Dəhlizin Avropada iqtisadi inkişafa təsiri, Xəzər bölgəsi və Qərb arasında münasibətlərə töhfəsi kimi məsələlər, həmçinin TAP və TANAP layihələri haqda müzakirələr aparılıb. Çıxış edənlər Azərbaycanı iqtisadi sahədə qabaqcıl ölkələrdən biri kimi qiymətləndirmiş, Avropanın enerji təhlükəsiliyində mühüm rol oynayacaq TAP və TANAP qaz boru kəmərləri üçün əsas mənbə olacaq "Şahdəniz-2" layihəsinin əhəmiyyətindən danışıblar.

Səfir Fuad İsgəndərov Azərbaycanın Avropaya inteqrasiyasında, eləcə də region dövlətlərinin inkişafında bu layihələrin mühüm rol oynayacağını bildirib.

ARDNŞ-nin Belçika nümyəndəliyinin rəhbəri Vüsal Məmmədov TANAP-ın texniki baxımdan dünyanın ikinci böyük layihəsi olduğunu, "Şahdəniz-2" layihəsinin yeni iş və investisiya imkanları açacağını vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə