“Yaşıl çay” fermer təsərrüfatı bu il də daha bol məhsul yetişdirmək əzmindədir FOTOLAR
Prezident İlham Əliyev: "Kənd təsərrüfatı inkişaf etdirilməlidir. Çünki əhalimizin, demək olar ki, yarısı aqrar sektorda çalışır. Bu sahə də prioritetlər sırasındadır..."
Ölkəmizdə qeyri-neft sektorunda xüsusi yer tutan aqrar sahə sürətlə inkişaf edir. Bu sahə artan inkişaf göstəriciləri arasında xüsusi çəkiyə malikdir. Belə ki, dövlət ərzağa olan daxili tələbatını əsasən öz potensialı və imkanları hesabına ödəyə bilməsi üçün regionlarda infrastruktur sahələrinin yaradılması və kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm islahatlar reallaşdırıb və bu proses davam edir. Torpaq mülkiyyətçiləri yaradılan münbit şəraitdən layiqincə yararlanaraq məhsul istehsalını ilbəil artırmağa çalışırlar. Fəaliyyətə başladığı gündən ölkəmizdə ərzaq bolluğunun yaradılmasına öz töhfəsini verən müəssisələrdən biri də "Yaşıl çay" fermer təsərrüfatıdır. Lənkəran rayonunun İstisu qəsəbəsində fəaliyyət göstərən fermer təsərrüfatına məxsus əkin sahələrində qışın oğlan çağı olmasına baxmayaraq işin ahəngi bir an da olsa səngimir. Bir tərəfdən sahələr şumlanır, əkin üçün yararlı hala salınır, digər tərəfdən həmin sahələrdə cari il üçün əkin işləri aparılır. Belə ki, artıq təsərrüfat kartof əkini kampaniyasını müvəffəqiyyətlə başa çatdırıb. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, təsərrüfatda ötən ildəkindən 1 hektar çox-1,5 hektar sahəyə kartof əkilib. Sahədə olarkən hər tərəfdə iş bulaq kimi qaynayırdı. Mala çəkilmiş sahələrdə təsərrüfatın aqronomu Ağəli Quliyevin göstərişləri əsasında bir qrup əməkçi kartof toxumlarını seçib şırımlara düzür, digər bir qrup isə basdırılmış kartofların üstünü yumşaq torpaqla örtürdü. Təsərrüfatın aqronomu Ağəli Quliyevlə görüşürük.Təcrübəli mütəxəssis söhbətə məşhur atalar sözü ilə başladı: "Torpaq deyir: öldür məni, dirildim səni!" -ataların bu müdrik kəlamı boş yerdən yaranmayıb. Torpağa əyilən, zəhmət çəkən hər kəs bunun bəhrəsini mütləq görür, öz güzəranını düzəldir, üstəlik də ölkənin məhsul bolluğuna sanballı töhfələr verir. Əmək adamlarımız da bu həqiqəti yaxşı anlayırlar. Hamı işə can yandırır. Təsərrüfatın rəhbəri Araz Yağubov da daim fəhlələrin yanındadır. Gah torpaq şumlayır, gah sahələrin becərilməsində şəxsən iştirak edir. Araz müəllimin şəxsi nümunəsi əməkçiləri daha yaxşı işləməyə, tapşırıqları daha keyfiyyətlə görməyə həvəsləndirir."
- Bu torpaqlar kartof üçün çox yararlıdır,-deyə Ağəli Quliyev sözünə davam edir.- Vaxtilə bu ərazilərdə çay sahələri olub. Bu səbəbdən yer qatı çox münbitdir. Sahələrdə izafi suların axıdılması üçün önləyici tədbirlər görülüb. Belə ki, bir neçə gün əvvəl Xanbulançay istismar idarəsi tərəfindən sahələrdə xüsusi kanallar qazılıb. Seçilən kartof toxumları, görülən işin keyfiyyəti yüksək səviyyədədir. Bu isə ümid verir ki, əkdiyimiz sahələrdən bol məhsul əldə edəcəyik".
Havalar əlverişli keçdiyindən torpaq əkini qısa müddətdə həyata keçirilib. Əkində daha məhsuldar sortlardan istifadə edilib.
Kartof əkini ilə yanaşı, təsərrüfatda heyvandırlığın inkişafı da daim diqqətdə saxlanılır. Məlum olduğu kimi, heyvandarlığın inkişafının əsas amillərindən biri də bol və keyfiyyətli yemin tədarük olunmasıdır. Hər il olduğu kimi bu il də təsərüfatda qarğıdalı əkininə ciddi diqqət verilir. İndiyə kimi 11 hektarda elit qarğıdalı toxumu səpilib. Ağəli Quliyevin sözlərinə görə, qarğıdalı əkini bundan sonra da davam etdiriləcək.
Qeyd edək ki, rayonda kartof sahələri ildən-ilə genişləndirilir. Cari ildə ikinci çörək sayılan kartofun baha qiymətə satılması mülkiyyətçiləri daha çox kartof əkməyə həvəsləndirib.
Sonda əlavə etmək istəyirik ki, aqrar sektora dövlət tərəfindən qoyulan investisiyalar ilbəil artır. Yeni texnikalar alınır, dövlət tərəfindən subsidiyalar ayrılır, aqro xidmət sahələri yaradılır, güzəştli şərtlərlə gübrə, yanacaq, lizinqlər verilir. Sahibkarlara güzəştli şərtlərlə verilən kreditlər hesabına yeni aqrar istehsal sahələri yaranır. Bunun nəticəsində ölkəmizdə aqrar sektorda məhsul istehsalının artması yeni emal müəssisələrinin yaradılması tələbatını orta qoyur. Hazırda ölkəmizdə bu istiqamətdə də böyük işlər görülür. İnanırıq ki, çayçılıq, heyvandarlıq kimi ölkəmizin ərzaq təminatında xüsusi yeri olan sahələrin inkişafına xüsusi diqqət yetirən " Yaşıl çay" fermer təsərrüfatı MMC-nin də tezliklə öz emal müəssisəsi yaranacaqdır.
Sərraf Mirsəfəroğlu
.jpg)



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB