Bakıda Azərbaycan-Macarıstan Biznes Forumu keçirilib

Bakıda Azərbaycan-Macarıstan Biznes Forumu keçirilib

Bu gün Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr üzrə dövlət katibi cənab Peter Siyartonun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Bakıda Azərbaycan-Macarıstan Biznes Forumu keçirilib. SİA xəbər verir ki, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin iştirakı ilə keçirilən biznes foruma tikinti, İKT, kənd təsərrüfatı, qida emalı avadanlıqları, tekstil, tibbi texnologiyalar, əczaçılıq, turizm, qablaşdırma, maliyyə, alternativ enerji, daşınmaz əmlak və digər sahələrdə fəaliyyət göstərən 24 Macarıstan şirkəti iştirak edib.

Forumda çıxış edən Şahin Mustafayev ölkələrimiz arasında əlaqələrin qarşılıqlı hörmət və səmərəli əməkdaşlıq prinsipləri üzərində qurulduğunu diqqətə çatdırıb. O bildirib ki, iki ölkə arasında 30-dan çox sənəd, o cümlədən iqtisadi əməkdaşlıq, sərmayələrin təşviqi və qarşılıqlı qorunması, ikiqat vergiqoyma və digər sənədlər imzalanıb, əməkdaşlığın hüquq-müqavilə bazası yaradılıb: "İKT, turizm, təhsil sahəsində sahələrarası sənədlər razılaşdırılmış, bir sıra ikitərəfli sənədlər, o cümlədən nəqliyyat, səhiyyə, gənclər və idman, elm və innovasiya sahəsində sənədlər müzakirə mərhələsindədir. Ölkələrimiz arasında sənaye, energetika, nəqliyyat, kənd təsərrüfatı, rabitə və informasiya texnologiyaları, əczaçılıq, ətraf mühit, mədəniyyət, turizm və digər sahələrdə uğurlu əməkdaşlıq həyata keçirilir, ticarət əlaqələri genişlənir. Ötən 2013-cü ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 40%-ə yaxın artıb. Növbəti iclası sabah Bakıda keçiriləcək Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın səmərəli fəaliyyəti ölkələrimiz arasında əlaqələrin genişlənməsində əhəmiyyətli rol oynayır".

Macarıstan Respublikasının xarici işlər və xarici iqtisadi əlaqələr üzrə dövlət katibi Peter Siyarto forumda çıxışında Macarıstanın Azərbaycanla kənd təsərrüfatı, ərzaq məhsullarının emalı və heyvandarlıq və s. sahələrdə uğurlu əməkdaşlıq etdiyini deyib. Onun sözlərinə görə, iki ölkə arasında əlaqələr bundan sonra da davamlı olaraq inkişaf edəcək: "Hədəfimiz 2018-ci ilə qədər ixracın 1/3-nin Avropadan kənara yönləndirilməsidir. Bu iqtisadi əməkdaşlıqda isə Azərbaycana böyük önəm veririk.

AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın investisiya mühiti və biznes imkanları, Macarıstanın İnvestisiya və Ticarət Agentliyinin (HİTA) vitse-prezidenti Peter Bilek Macarıstan-Azərbaycan ticarət əlaqələri və HİTA-nın göstərdiyi xidmətlərə dair təqdimatlarla çıxış ediblər.

Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə