"Kanalizasiya quyularından avtomobil hissələri çıxarılır" Açıqlama

Əhməd Məmmədov: "Dünyada kanalizasiya sistemlərinin idarə olunması ən ağır kommunal sektordur"
"Kanalizasiya quyularından avtomobil hissələri çıxarılır" Açıqlama

"Bakı şəhərində kanalizasiya sistemi ilk dəfə 1924-cü ildə yaradılıb. Artıq 90 ilə yaxın vaxt keçib və kanalizasiya sistemlərinin köhnəlməsi labüd idi. Bu gün Bakı şəhərinin demək olar ki, yalnız mərkəzi hissəsini kanalizasiya sistemi əhatə edir. Şəhərətrafı və şəhərə bitişik ərazilərdə isə kanalizasiya sistemləri azlıq təşkil edir". Bu fikirləri SİA-ya açıqlamasında "Azərsu" ASC-nin Strateji İnkişaf Departamentinin rəisi, əməkdar mühəndis Əhməd Məmmədov deyib.

Onun sözlərinə görə, son illər Bakı sürətlə inkişaf edir və bu genişlənmə ərazisində də kanalizasiya şəbəkəsi yoxdur: "Bəzi küçələrdə primitiv şəkildə kanalizasiya şəbəkəsi yaradılıb. Onların da mənbəyi olmadığından kanalizasiya sistemində toplanan çirkab suları bir yerə axıdılmalıdır. Həmin çirkab suları da əsasən şəhər ətrafında olan göllərə və gölməçələrə axıdılır. Ümumiyyətlə, Abşeron yarımadasında çirkab sularının idarə olunması "Azərsu" ASC-nin qarşısına qoyduğu ən prioritet məsələlərdən biridir. Məlumdur ki, qurumumuz Prezident İlham Əliyevin göstərişinə əsasən Bakı şəhəri və Abşeron yarımadasının digər yaşayış məntəqələrinin su təchizatı, kanalizasiya sistemləri və yağış sularının idarə olunması ilə bağlı master plan hazırlayıb. Master plan bütün sahələri əhatə edib və artıq başa çatıb".

Departament rəisi onu da bildirib ki, Abşeron yarımadasındakı bütün yaşayış məntəqələrində yaranacaq çirkab sularının 2035-ci ilə qədər inkişaf nəzərə alınmaqla idarə olunması əsas götürülüb: "Yaşayış məntəqələrində yaranacaq çirkab suları mütləq toplanmalı və təmizlənərək dənizə buraxılmalıdır. Bunun üçün Sumqayıt şəhərindən Ələt qəsəbəsinə qədər dənizin sahil boyu 11 nöqtəsində çirkab su təmizləyici qurğuların tikintisi nəzərdə tutulub. Həmin qurğuların ümumi gücü 1 milyon 400 min kubmetr sutka təşkil edəcək. Hazırda bu qurğulardan 3-ü istifadəyə verilib. 4-cü və ən böyük qurğulardan biri isə Lökbatan qəsəbəsi yaxınlığında olacaq. Bu da şəhərin qərb hissəsində yaranan bütün çirkab suları toplayıb təmizlədikdən sonra dənizə buraxmağımıza imkan verəcək".

Qurğuların məhsuldarlığının 300 min kubmetr sutka olacağını deyən Əhməd Məmmədovun sözlərinə görə, hazırda adıçəkilən qurğunun tikintisinə başlanılıb və qurğuya çirkab sularını toplayaraq çatdırmaq üçün böyük diametrli kollektorlarla tunellər tikilməlidir.

O həmçinin qeyd edib ki, Abşeron yarımadasının relyefi elədir ki, çirkab sularının idarə olunması üçün çoxlu sayda nasos stansiyalarından istifadə olunmalıdır: "Master planda bu işləri analiz etdikdən sonra başlanan layihələndirmə işləri artıq yekunlaşıb. Abşeron yarımadasında olan bütün yaşayış məntəqələrinin su təchizatı və kanalizasiya layihələri həyata keçirilib. Bu gün 8000 km-dən çox su təchizatı, 6000 km-dən çox kanalizasiya şəbəkəsi, 900 km-dən çox yağış sularının idarə olunması üçün şəbəkə layihələndirilib".

Əhməd Məmmədov fikirlərinə əlavə edərək qeyd edib ki, ümumi uzunluğu 140 km-ə çatacaq kanalizasiya tunellərinin tikintisinə başlanılıb və hazırda 10 nöqtədə mövcud tunellərin tikintisi işləri aparılır: "Hazırda iri diametrli kollektor və tunellər tikməklə yanaşı, bəzi ərazilərdə kanalizasiya sistemlərinin tikintisinə də başlanılıb. Misal olaraq, Zığ qəsəbəsində müəyyən ərazilər var idi ki, orada sürüşmə müşahidə olunurdu. Artıq həmin ərazidə kanalizasiya sisteminin tikintisinə başlanılıb. Eyni zamanda, Zabratda da yeni sistemlərin tikintisi həyata keçirilir. Balaxanı da isə bu işə qismən başlanılıb. Bakıxanov, Suraxanı qəsəbəsində müəyyən ərazidə kanalizasiya sistemləri quraşdırılıb".

Kanalizasiya xətlərində ilişib qalan əşyalara nəzarət etmək üçün atılacaq addımlara gəlincə qurum rəsmisi vurğulayıb ki, dünyada kanalizasiya sistemlərinin idarə olunması ən ağır kommunal sektor hesab olunur: "Son illər şəhərin küçələrində üzərində "Azərsu" nişanı olan xüsusi maşınlar var. Həmin maşınlar isə yüksək təzyiq altında kanalizasiya borularını yumaq üçündür. Təbii ki, illərlə kanalizasiya borularını yumaq imkanımız yoxdur. Bu tip müasir maşınlar olmadığından müəyyən problemlər yaranır. Danılmaz faktdır ki, kanalizasiyalarda çöküntülər yaranır, lillənir, eləcə də keçiricilik prosesi zəifləyir. Bu gün Bakı şəhərində 5-6 təmizləyici maşınlarımız var. Eyni zamanda, kiçik həcmli maşınlar da var. Bakı şəhərinin daxilində böyük korrektorların hamısını təmizlənib. Bəzən elə olur ki, tullantılar evdən atılan əşyalar olmur. Misal olaraq, kanalizasiya quyularının içərisindən maşın təkəri, avtomobil qapısının bir hissəsi, kubik daşları çıxartmışıq. Hətta onların şəkillərini də çəkmişik. Təbii ki, bütün bunları da etinasız insanlar edir".

Əhalinin içməli su ilə təminatına gəlincə Ə. Məmmədov əlavə edib ki, 2011-ci ildə Bakı və Abşeron yarımadasında 48 faiz əhaliyə fasiləsiz su vermək imkanımız var idisə, hazırda bu rəqəm 78 faizə çatıb: "Əsas prioritet məsələ isə gələcəkdə bu göstərici 100 faizə çatsın. Hazırda bu istiqamətdə də ardıcıl işlər aparılır. Ötən il Ceyranbatan- Balaxanı-Qala su kəməri tikilib istifadəyə verildi. Bu gün isə həmin kəmərin Zirə istiqamətində tikintisi davam etdirilir. Bu il Abşeron yarımadasının şərq hissəsində yerləşən illərlə mərkəzləşdirilmiş su təchizatı sisteminə qoşulmayan böyük qəsəbələr (Şağan, Şüvəlan, Qala, Zirə, Priallahı, Türkan) var ki, həmin yerlərə yüksək keyfiyyətli və dayanıqlı su verə biləcəyik. Yaxın bir neçə ilə Abşeron yarımadasının bütün yaşayış məntəqələri su təchizatı sisteminə qoşulması mümkün olacaq".

Qeyd edək ki, yanvarın 9-da Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasında ölkə başçısı bildirmişdi ki, hazırda ən böyük önəm daşıyan layihələr içməli su, kanalizasiya layihələridir. Bütövlükdə respublika üzrə əhalinin 55 faizi 24 saat ərzində içməli su ilə təmin edilir. Əlbəttə ki, bu, çox aşağı bir göstəricidir. O da həqiqətdir ki, içməli su, kanalizasiya məsələləri bütün dövrlərdə çox kəskin problem olub. Bölgələrimizdə kanalizasiya xətləri ümumiyyətlə olmayıb. Bakının kanalizasiya xətləri köhnəlib, bugünkü standartlara uyğun deyil. Ona görə, bu, böyük maliyyə və texniki resurslar tələb edən layihələrdir. Biz artıq bu layihələrə başlamışıq və işlər uğurla gedir. Eyni zamanda, hazırda Bakıda əhalinin 78 faizi 24 saat ərzində içməli su ilə təmin edilir. Bu, böyük irəliləyişdir. Biz bu layihələrə başlayanda həmin rəqəm 50 faizdən aşağı idi. Əlli faizdən az əhali 24 saat ərzində su alırdı. İndi 78 faizdir. Yaxşı irəliləyişdir. Amma Bakı kimi gözəl şəhərdə bu təminat 100 faiz olmalıdır. Bakıda və bizim bütün şəhər və qəsəbələrimizdə əhaliyə keyfiyyətli, təmiz, Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun su verilməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə