Vüqar Bayramov: "Xüsusi iqtisadi zonaların yaradılması zəruridir" MÜSAHİBƏ
İqtisadçı ekspert Vüqar Bayramovun SƏS TV-yə müsahibəsi:
- Vüqar müəllim, bildiyiniz kimi 2014-cü il "Sənaye ili" elan olunub. Sözügedən ilin elan olunması bu sahənin inkişafında və sənaye məhsullarının ixrac edilməsində hansı yeni imkanları yarada bilər?
- Təbii ki, 2014-cü ilin "Sənaye ili" elan olunması gözlənilən bir hal idi. Proqnozlar ondan ibarətdir ki, Azərbaycan iqtisadiyyatının inkişaf tempi sənayenin bu il öndə olmasına zəmin yaradacaq. 2014-cü ildə ilk dəfə olaraq, ümumi daxili məhsulda qeyri-neft sektorunun payı 62%-ə yüksələcək. Eyni zamanda ilk dəfə olaraq son 10 ildə qeyri-neft sektorunun payı ümumi daxili məhsulda 60%-ni keçəcək. Bu da neft sektorunun payının kəskin azalması deməkdir. 2014-cü il o cümlədən büdcə gəlirlərinin formalaşmasında qeyri-neft sektorunda ciddi artımlar var. Belə ki, qeyri-neft sektoru büdcə gəlirlərinin 35 faizini təşkil edəcək. Xatırlatmaq istərdim ki, 2013-cü ildə bu rəqəm 25 faiz idi. Büdcə gəlirlərində vergidə daxil olmanın payının artmasına gətirib çıxaracaq. Dövlət Neft Fondunda dövlət büdcəsinə ayrılan məbləğdə artıq azalma müşahidə olunur. Praktiki olaraq büdcənin Dövlət Neft Fondundan və neft sektorundan asılılığının aradan qaldırılması istiqamətində 2014-cü ildə ciddi addımlar atılacaq. Onu da qeyd etmək istərdim ki, 2014-cü ildə texnoparkların yaradılması istiqamətində ciddi addımların atılması nəzərdə tutulur və onlar bütün vergilərdən azaddır.
Nəzərinizə çatdırım ki, texnoparkları tətbiq etmiş digər ölkələrin heç birində onlar vergidən azad edilməyib. Belə bir vəziyyət yalnız bizim ölkəmizdə mövcuddur. Bu sahədə təkcə iş adamları deyil, eyni zamanda universitetlər də prosesə cəlb olunub. Bu il proqnozlaşdırılan fəaliyyətlər onu deməyə əsas verir ki, Azərbaycanda sənaye sektoru olduqca yüksək səviyyədə olacaq.
- Azad iqtisadi zonanın yaradılması haqqında qanun qəbul edilib. Həmin qanunun icrası hansı nəticələri verə bilər?
- Az öncə də qeyd etdiyimiz kimi xarici investisiyanın cəlb edilməsi üçün xüsusi iqtisadi zonaların yaradılması olduqca vacibdir. Bu vaciblik ondan ibarətdir ki, iqtisadi zonalar və xüsusi sənaye şəhərcikləri investisiyanın cəlbinə şərait yaradır. Əslində texnoparkların uzunmüddətli dövr ərzində, yəni 7 il ərzində vergidən azad edilməsi xarici investisiyanın cəlb edilməsinə hesablanmış bir addım kimi qiymətləndirilə bilər. Ümumiyyətlə, 2013-cü ilin iqtisadi yekunlarına fikir versək sözügedən ilin uğurlu olduğunu demək olar.
Təbii ki, bundan sonra da uğurlara və bu sahədə artımlara nail olunması üçün xüsusi iqtisadi zonaların yaradılması və yerli investisiyalarla yanaşı xarici investisiyaların da cəlb edilməsi zəruridir. Nəzərinizə çatdırım ki, 2013-cü ildə Azərbaycana 28 milyard dollara investisiya cəlb edilib. Bu da bütövlükdə son 10 il ərzində Azərbaycana cəlb edilən ən böyük investisiya hesab olunur.
- Vüqar müəllim, Avropa İttifaqı ilə viza rejiminin sadələşdirilməsinin tətbiq olunması AB ilə iqtisadi əlaqələrin genişlənməsinə necə təsir göstərəcək?
- İlk öncə qeyd etmək istərdim ki, Avropa Birliyi Azərbaycanın ən böyük tərəfdaşı və strateji müttəfiqidir. Cənab Prezident İlham Əliyev də müşavirədə qeyd etdi ki, Azərbaycan Avropa Birliyi ilə əməkdaşlığı davam etdirir və bunda maraqlıdır. Avropa Birliyi ilə əməkdaşlığın davam etdirilməsi Azərbaycan üçün yalnız siyasi baxımdan deyil, eyni zamanda, iqtisadi baxımdan əhəmiyyətlidir. 2013-cü ilin noyabr ayının sonunda Villus şəhərində keçirilən tərəfdaşlıq samitində məhz, Azərbaycanla Avropa Birliyi arasında vizanın sadələşdirilməsi haqqında anlaşma imzalandı. Bu anlaşma 2014-cü ildə qüvvəyə minir və həmin anlaşma Azərbaycan iş adamlarının daha asan şəkildə fəaliyyət göstərmənisə şərait yaradacaq.
- Avropa ilə əlaqələrin genişlənməsi üçün enerji layihələrilə yanaşı, başqa qlobal layihələrin reallaşdırılması planlaşdırılırmı?
- Müşahidəyə əsaslanıb deyə bilərik ki, Azərbaycanın son illərdə imza atdığı layihələr əsasən Avropa Birliyi və ümumilikdə Qərb dünyası bağlı layihələrdir. Bunu da Azərbaycanın strateji mövqeyini müəyyən edən addım kimi qiymətləndirmək olar. Bildiyiniz kimi, ötən ilin dekabr ayının 17-də Azərbaycanda "Şahdəniz-2" müqaviləsi imzalandı. Bu anlaşma dünya tarixinə önəmli investisiya anlaşması kimi daxil oldu. Eyni zamanda, Azərbaycan ötən ilin sonunda TAP layihəsi ilə mövqeyini bəyan etdi.
Praktik olaraq, ötən illərin sonlarında qəbul edilən qərarlar Azərbaycanın enerji resurslarının Avropa bazarına çıxarılmasına zəmin yaradır. Məsələn, TAP layihəsi Türkiyədən keçməklə Azərbaycan mavi qazını Avropa bazarına çıxarılmasını təmin edir. Sözügedən layihə 30 min iş yerinin yaradılmasına şərait yaradacaq. Haqqında bəhs etdiyimiz layihələr 2013-cü ilin sonlarında imzalansa da, onların icrasına 2014-cü ildə başlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB