Kənd təsərrüfatı naziri Heydər Əsədov Azərbaycanda səfərdə olan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) heyvandarlıq sənayesi üzrə baş eksperti cənab Anton Benneti qəbul edib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşün əsas məqsədi Azərbaycanda istehlakçıların sağlam və təhlükəsiz ət və ət məhsulları ilə təminatını yaxşılaşdırmaq məqsədilə ölkədə müasir və beynəlxalq standartlara cavab verən kənd təsərrüfatı heyvanlarının kəsim yerlərinin infrastrukturunun inkişaf etdirilməsi sahəsində FAO tərəfindən müvafiq texniki dəstəyinin göstərilməsi olub.
Heydər Əsədov Azərbaycanda ərzaq təhlükəsizliyinin gücləndirilməsi, kənd yerlərinin iqtisadi inkişafında və kənd əhalisinin güzəranının dəstəklənməsində heyvandarlıq sektorunun oynadığı mühüm rolu və bu sahənin inkişaf etdirilməsində böyük potensialın olduğunu vurğulayıb. O, heyvandarlıq məhsullarının regionlarda emal, əlavə dəyərin əmələ gəlməsi və satış üzrə iş yerlərinin yaradılmasında geniş imkanlar açdığını qeyd edərək, sektorun inkişafı ilə əlaqədar rəhbərlik etdiyi Nazirliyin qarşıya qoyduğu məqsədlərdən, o cümlədən Azərbaycanda heyvan mənşəli ərzağa artan tələbi qarşılamaq üçün heyvandarlıq məhsullarının istehsalını və məhsuldarlığını artırmaq, heyvandarlıq müəssisələrinə investisiya qoymaq üçün fermerlərə və sahibkarlara əlverişli mühit yaratmaq, heyvandarlıq sektorunun inkişafı üçün müvafiq texnologiyaları ərsəyə gətirmək, heyvan xəstəliklərinə effektiv və səmərəli qaydada nəzarət etmək, xidmətlərin göstərilməsində səmərəliliyi və effektivliyi gücləndirmək istiqamətində aparılan işlərdən və qarşıya qoyulan məqsəd və hədəflərdən danışıb.
Görüş zamanı heyvan kəsimi yerləri ilə bağlı dünya ölkələrində olan qabaqcıl təcrübədən, Avropa standartlarından, Azərbaycanda bu alt sektor sahəsində mövcud olan çatışmazlıqlardan və bu sahənin inkişaf etdirilməsində mümkün yanaşmalar ətrafında müzakirələr aparılıb. Görüşün sonunda kənd təsərrüfatı heyvanlarının kəsim yerlərinin infrastrukturunun inkişaf etdirilməsi sahəsində FAO-nun köməkliyi ilə strategiyanın və proqramın hazırlanması ilə əlaqədar Təşkilatla əməkdaşlığın edilməsi barədə razılığa gəlinib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB