İlham Şaban: “Şahdəniz-2” layihəsi digər qaz layihələrinə yol açacaq”

İlham Şaban: “Şahdəniz-2” layihəsi digər qaz layihələrinə yol açacaq”

"Şahdəniz-2" layihəsi Azərbaycan qazının Avropa bazarına çıxmasına imkan yaradır". SİA-ya açıqlamasında iqtisadçı-ekspert İlham Şaban belə deyib.

Onun sözlərinə görə, ölkəmiz artıq bu layihə vasitəsilə öz qazını regional bazardan çıxararaq, xarici bazara yəni, Avropa bazarına və başqa inkişaf etmiş ölkələrə satmaq imkanı qazanacaq.

İlham Şaban bildirib ki, "Şahdəniz-2" layihəsi çərçivəsində Azərbaycan artıq 25 il müddətində 9 şirkətlə kommersiya sazişi imzalayıb: "Bu layihə Xəzərin dərin qatlarındakı qazın hasil edilməsinə imkan yaradır ki, bu da Azərbaycana xarici şirkətlər tərəfindən investisiya qoyuluşu ilə nəticələnir. Çünki, əgər "Şahdəniz-2" layihəsi və təməl alqı-satqı müqavilələri uzunmüddətli olmasaydı 28 milyardlıq investisiyanı yatırmaqda həmin şirkətlər maraqlı olmazdı. Bütün bunlar qaydasında getməli və uzlaşmalıdır ki, nəhəng layihə gerçəkləşsin".

İqtisadçı qeyd edib ki, Xəzər dənizində indiyə kimi bir çox neft layihələri həyata keçirilib: "Lakin Xəzərdə qaz layihəsi bu zamana qədər həyata keçirilməyib. "Şahdəniz-2" layihəsi qaz layihələri içərisində cığır yolu açıb. Bu isə qaz yataqlarının gələcəkdə işlənməsi üçün təminat verir və bu kimi layihələrin daha uzun ömürlü olmasına imkan yaradır".

Bütün xəbərlər Facebook səhifəmizdə