Şahin Mustafayev: "Avropa İttifaqı ölkələri Azərbaycanın əsas ticarət tərəfdaşıdır"

Şahin Mustafayev: "Avropa İttifaqı ölkələri Azərbaycanın əsas ticarət tərəfdaşıdır"

"Hazırda Avropa İttifaqı ölkələri Azərbaycan Respublikasının əsas ticarət tərəfdaşıdır. Ötən il Azərbaycanın xarici ticarət dövriyyəsində Avropa İttifaqı ölkələrinin xüsusi çəkisi 41%-dən çox olub". SİA-nın xəbərinə görə, bunu "Şərq Tərəfdaşlığı" Sammiti çərçivəsində Vilnüs şəhərində keçirilən 2-ci Şərq Tərəfdaşlığı Biznes Forumunda iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycanın Avropa İttifaqı ilə iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri barədə sualı cavablandırarkən deyib. Nazirin sözlərinə görə, bu ilin 10 ayında isə Avropa İttifaqı ölkələri ilə Azərbaycan arasında ticarət dövriyyəsi 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 7% artıb və ümumi ticarət dövriyyəsindəki payı 43%-i keçib: "Azərbaycan iqtisadiyyatına investisiya yatıran xarici ölkələr arasında Avropa İttifaqı ölkələri üstünlük təşkil edir. Son 10 ildə Azərbaycanda əsas kapitala yönələn xarici investisiyaların 51 faizi, qeyri-neft sektoruna qoyulmuş xarici investisiyaların isə 36 faizi Avropa İttifaqı ölkələrinin payına düşür. Sənaye, ticarət, kənd təsərrüfatı, nəqliyyat, bank işi və digər sahələrdə 1122 Avropa şirkəti Azərbaycanda qeydiyyatdan keçmişdir. Avropa İttifaqının bir çox ölkələri ilə ikiqat vergitutmanın aradan qaldırılması, sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər imzalanıb, 13 ölkə ilə Hökumətlərarası Komissiya yaradılıb".

Şahin Mustafayev bildirib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır: "2006-cı ildə Enerji üzrə Strateji Əməkdaşlığa dair Anlaşma Memorandumunun və 2011-ci ildə Cənub Qaz Dəhlizinin təsis edilməsinə dair Birgə Bəyannamənin imzalanması, həmçinin Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri, Cənubi Qafqaz boru kəməri kimi mühüm transmilli layihələrin həyata keçirilməsi, Trans-Anadolu və Trans-Adriatik təbii qaz boru kəmərlərinin inşası ilə bağlı qərarların qəbul edilməsi bu istiqamətdə əməkdaşlığımızı strateji tərəfdaşlıq səviyyəsinə qaldırıb. Azərbaycan əldə etdiyi nailiyyətlərlə kifayətlənmir. Ölkədə inkişafın davamlılığının təmin edilməsi məqsədilə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun və özəl sektorun inkişafı, sosial siyasət əsas prioritetlərimizdir. Azərbaycan bundan sonra da Avropa ölkələri ilə əməkdaşlığı daha da genişləndirmək, qabaqcıl Avropa təcrübəsini tətbiq etmək, birgə ikitərəfli və regional layihələr həyata keçirmək niyyətindədir".

Bütün xəbərlər Facebook səhifəmizdə