Bu gün Bakı Ekspo Mərkəzində "Xəzər: ətraf mühit üçün texnologiyalar" ("CTE-2013") mövzusunda keçirilən Beynəlxalq Ətraf Mühit Sərgisində ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov iştirak edib. SİA xəbər verir ki, tədbirdə çıxış edən nazir bildirib ki, sərginin keçirilməsində əsas məqsəd təbii sərvətlərin qorunub saxlanılması və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına imkan yaradacaq təbiəti mühafizə üzrə innovasiyalı avadanlıq və texnologiyaları Azərbaycanda təşviq və tətbiq etməkdir. Hüseynqulu Bağırov deyib ki, "CTE-2013" beynəlxalq sərgisində Azərbaycan, Almaniya, İtaliya, İspaniya, Qazaxıstan, Türkiyə, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrdən 58 şirkət iştirak edir: "Sərgidə şirkət və dövlət strukturları ilə yanaşı, Azərbaycan ərazisində ekologiya sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları da öz stendlərini nümayiş etdirirlər. Stendlərdə təbii ehtiyatlardan səmərəli istifadə, habelə külək, su və torpaq kimi bərpa olunan resurslar sahəsində ən yeni layihələr təqdim olunacaq, alternativ enerji mənbələri üçün, eləcə də suyun təmizlənməsi üzrə ən müasir avadanlıq nümunələri yerləşdirilib. "CTE-2013" sərgisi ətraf mühitin mühafizəsi sahəsində əldə olunmuş nailiyyətləri nümayiş etdirməklə yanaşı, hökumət və qeyri-hökumət təşkilatları ilə ekoloji məsələlər üzrə beynəlxalq əməkdaşlığın regional və beynəlxalq səviyyədə genişləndirilməsinə, habelə enerjiyə qənaət olunması və alternativ enerji mənbələrinin tətbiqi sahəsində təcrübə mübadiləsinin aparılmasına imkan yaradacaq".
Qeyd edək ki, ətraf mühitin mühafizəsinə həsr olunmuş sərgi Böyük Britaniyanın "ITE Group plc" şirkəti və onun Qafqazdakı tərəfdaşı "Iteca Caspian" şirkətinin təşkilatçılığı, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və İDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) Kampaniyasının dəstəyi ilə keçirilir. Ekologiya və ətraf mühitin mühafizəsi ilə bağlı Xəzəryanı və Qafqaz regionlarında keçirilən sərgidə ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan rasional istifadə sahəsində innovasiya layihələri kompleks şəkildə təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB