Bəyənmədiyiniz malı 14 gün müddətində qaytarmaq sizin hüququnuzdur!
Qış mövsümünün gəlməsi ilə bağlı təbii ki, qaz, su, işıqla yanaşı, insanların geyimində də qalın və isti paltarların olması vacibdir. Eyni zamanda bu geyimlər insan sağlamlığına və onun əhval-ruhiyyəsinə təsir göstərməməlidir. SİA-ya açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, birliyə məsələ ilə bağlı daxil olan şikayətlər əsasında tədbirlər görülür.
Onun sözlərinə görə, xüsusi geyimlərin monitorinqi qurum tərəfindən aparılmır: "Bazara ucuz qiymətlərlə geyimlər çıxarılır. Belə ki, 3 manata təzə pencək satılır. Bu kimi qiymətlər geyimin keyfiyyətinin aşağı olmasından xəbər verir. Həmin malların əksəriyyəti neft tullantılarından hazırlanan geyimlərdir. Bu sahədə problemlər hələ də davam edir. Bəzən isə prestijli mağazlarda qiymətləri baha olan keyfiyyətsiz geyimlər, əsasən də cins şalvarlar satılır. İstehlakçılar astarlı cinslər haqqında məlumat almaq istəyirlər. Astarı yun olan cinslər üç ildir ki, Azərbaycan bazarına daxil olub. Qeyd edim ki, qış paltarı olan astarlı cinslər yundan və pambıqdan alınır. Lakin tədqiqatlar göstərir ki, astar əsasən qarışıq materiallardan hazırlanır. Əksər hallarda isə brend cinslərin markaları astara tikilmiş olur. Yun jaketlərdə daha çox problemlər müşahidə edilir. Belə jaketlərin etiketlərində yazılır ki, həmin parçalar 100% pambıqdandır. Aparılan tədqiqatlar göstərir ki, etiket üzərində tam pambıq yazılsa da, bu cinslər heç də tam pambıq parçadan deyil. Pambıq jaketlərə sintetik materiallar qatırlar. İstehlakçılar həmin malın sapını çəkib, yandırmaqla onun spesifik qoxusundan geyimin hansı keyfiyyətə malik olduğunu öyrənə bilərlər".
E.Hüseynovun sözlərinə görə, istehlakçılar satıcıdan malın bütün sənədlərini, onun gigiyenik sertifikatını, mənşə sertifikatını, qiymət sənədlərini tələb edə bilərlər : "Əgər alınan mal istehlakçının tələbini ödəməzsə, 14 gün müddətində onu dəyişə və geri qaytara bilər. İstehlakçılar haqqında qanunun 15.1, 15.2 maddəsinə görə bu hal istehlakçının hüququdur. Lakin bu zaman malın keyfiyyəti pozulmamış olmalıdır, həmçinin malın yarlığı, kassa çeki, istehlakçının üzərində olmalıdır. Bəzən mağazalarda endirimlə satılan mallar "geri qaytarılmır" kimi ifadələrə rast gəlirik. Həmin yerin sahibi inzibati xətalar məcəlləsinə edilən dəyişikliyə əsasən 1500 manata kimi cərimə oluna bilər. Qanun bütün hallarda istehlakçının hüquqlarını qoruyur".
Ruqiyyə Nəcəfzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB