Son 10 ildə 1,2 milyard manat güzəştli kredit verilib AÇIQLAMA

Son 10 ildə 1,2 milyard manat güzəştli kredit verilib AÇIQLAMA

"İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) xətti ilə son 10 ildə 18 min sahibkara 1,2 milyard manat güzəştli kredit verilib. Bu vəsait hesabına reallaşdırılan layihələr əsasında 112 min yeni iş yeri yaradılıb". Bu barədə SİA-ya açıqlamasında İqtisadi İnkişaf Nazirliyi Mətbuat Xidmətinin rəhbəri Abbas Əliyev məlumat verib.

Onun sözlərinə görə, Fondun güzəştli kreditləri hesabına sahibkarlığın inkişafına kömək məqsədi ilə maliyyə ehtiyatlarının cəlb olunması və səmərəli istifadəsi əsasında dövlətin iqtisadi siyasətinin həyata keçirilməsinə yardım edilib. Belə ki, SKMF iqtisadiyyatın öncül inkişaf istiqamətləri ilə bağlı investisiya layihələrinin və proqramlarının həyata keçirilməsinə maliyyə dəstəyi reallaşıb, sahibkarlığın, sağlam rəqabətin və əmtəə bazarının inkişafını, yeni iş yerlərinin yaradılmasını təmin edən sahə və regional proqramların və investisiya layihələrinin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edib: "Fondun güzəştli kreditləri hesabına əldə etdikləri məhsulların keyfiyyətinin itməməsi məqsədilə tikilən anbarlar münasib şərtlərlə ilin bütün fəsillərində sahibkarların ixtiyarına verilib. Bu həm də bazarın daimi olaraq yerli məhsullar hesabına təmin olunmasına imkan yaradır. Eyni zamanda ölkənin müxtəlif bölgələrində iri heyvandarlıq kompleksləri yaradılıb, Daşkəsəndə ət kəsimi müəssisələri tikilib. Həmçinin bu sahədə Gəncə şəhərində də xeyli işlər görülüb. Qusarda tinglik yaradılıb, eyni zamanda intensiv bağçılığın inkişafı ilə əlaqədar cənub bölgəsində bir sıra layihələr həyata keçirilib. Bakının qəsəbələrində ənənəvi olaraq zeytunçuluq, quşçuluq müəssisələrinin yaradılması istiqamətində güzəştli kreditlər verilib. Həm paytaxtda, həm də regionlarda müasir texnologiyalarla təmin olunan çörək zavodları tikili, toxuculuq sahəsində təklif olunan layihələr reallaşdırılıb və uğurlu nəticələr əldə edilib. Ümumilikdə iqtisadiyyatın əksər sahələri üzrə fondun güzəştli kreditlərindən istifadə etməklə istehsal-emal sahələri yaradılıb".

Bütün xəbərlər Facebook səhifəmizdə