Yardımlıda elektron xidmətlər mövzusunda tədbir keçirilib

Yardımlıda elektron xidmətlər mövzusunda tədbir keçirilib

Yardımlı rayonunda İqtisadi İnkişaf Nazirliyinin göstərdiyi elektron xidmətlər mövzusunda tədbir keçirilib.Tədbirdə aidiyyəti dövlət qurumlarının, Yardımlı və ətraf rayonların icra hakimiyyətlərinin, Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının məsul işçiləri və Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən 150-yə yaxın sahibkar iştirak edib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, tədbiri giriş sözü ilə Yardımlı rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov açıb. Bildirib ki, elektron xidmətlərinin tətbiqi işin səmərəliliyinin yüksəlməsinə, sahibkarlar və icra strukturları arasında əlaqələrin keyfiyyətinin yaxşılaşmasına, operativliyin və şəffaflığın təmin olunmasına xidmət edir. İcra başçısı İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərin sahibkarlıq subyektlərinin fəaliyyətinin səmərəliliyinin artırılmasına, əlavə vaxt itkisinin qarşısının alınmasına əhəmiyyətli təsir göstərdiyini vurgulayıb.

Sonra Nazirliyin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov çıxışında "Elektron Hökumətə dair Dövlət Proqramı" çərçivəsində dövlət orqanlarında, eləcədə İqtisadi İnkişaf Nazirliyində elektron xidmətlərin tətbiqinin genişləndirildiyini qeyd edib. Bildirib ki, Azərbaycan Respublikası Prezidentinin Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında fərmanına uyğun olaraq, İqtisadi İnkişaf Nazirliyinin www.economy.gov.az internet saytında elektron xidmətlər bölməsi yaradılib. Hazırda Nazirlik tərəfindən 7 istiqamətdə interaktiv, 9 istiqamət üzrə isə informativ elektron xidmətlər göstərilir.

Elektron xidmətlər bölməsində Nazirlik tərəfindən müxtəlif fəaliyyət növlərinə lisenziyaların, malların mənşə və keyfiyyət sertifikatlarının verilməsi üçün tələb olunan sənədlərin siyahısı və müraciət edən şəxs tərəfindən doldurulmalı olan ərizənin elektron forması yerləşdirilib. Bu bölmə sahibkarlara tələb olunan sənədləri elektron formada təqdim etməklə yanaşı, həmin xidmətlər üçün qanunvericiliklə müəyyən olunmuş dövlət rüsumlarının və xidmət haqlarının ödənişini on-line rejimində həyata keçirməyə imkan verir.

Nazirlikdə kommersiya hüquqi şəxslərə münasibətdə qrant müqavilələrinin elektron qeydiyyatı da aparılır. Eyni zamanda, cərimə və maliyyə sanksiyalarının on-line rejimində elektron qaydada ödənilməsi üçün imkanlar yaradılıb. Bütün bunlarla yanaşı, İqtisadi İnkişaf Nazirliyi tərəfindən vətəndaşlara elektron informasiya resursları vasitəsilə on-line rejimində qəbula yazılma, müraciətlərin on-line rejimdə qəbulu və cavablandırılması, www.icazeler.gov.az, elektron ticarət portalının fəaliyyətindən 173 mindən çox internet istifadəçisi yararlanıb.Sahibkarların məlumatlılıq səviyyəsini artırmaq, qanunvericilik aktlarının hazırlanması prosesində onların yaxından iştirakını təmin etmək məqsədilə mərkəzi icra hakimiyyəti orqanlarının qanunvericilik aktlarının layihələri də icazələrin elektron informasiya portalında yerləşdirilir. İndiyədək 122 qanunvericilik aktının layihəsinin icazələrin elektron informasiya portalında yerləşdirilməsi təmin edilib.

Nazirliyin əməkdaşları tərəfindən əyani olaraq lisenziyaların alınması, qrant müqavilələrinin qeydiyyatı, mənşə sertifikatının verilməsi, cərimələrin və maliyyə sanksiyalarının ödənilməsi, vətəndaşların qəbulu və s. xidmətlərdən on-line rejimində istifadə prosedurunu nümayiş etdirilmişdir.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə