Üç dövlətin dəmir yolu dəhlizi Asiya ilə Avropanı birləşdirir

Üç dövlətin dəmir yolu dəhlizi Asiya ilə Avropanı birləşdirir

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunda ilk relslər qaynaq edilib. Bu münasibətlə Qars şəhərində təşkil olunan mərasimdə Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov, Türkiyənin nəqliyyat, dənizçilik və informasiya naziri Binəli Yıldırım və Gürcüstanın iqtisadiyyat naziri Georgi Kivirikaşvili iştirak ediblər.

Mərasimdə çıxış edən Z.Məmmədov üç dövlətin dəmir yolu dəhlizini yaratmaqla Asiya ilə Avropanı birləşdirdiklərini bildirib. Nazir demişdir ki, bu dəmir yolu ilə insanlar bir bölgədən digərinə gedə biləcəklər. Yüklərin daşınması üçün iş adamları bu dəhlizin imkanlarından istifadə edəcəklər. Layihənin bölgə üçün çox böyük əhəmiyyət daşıdığını vurğulayan Z.Məmmədov qeyd edib ki, layihədə iştirak edən bütün insanlar tarixi iş görürlər. Bu insanların əməyi tarixə yazılacaq.

Türkiyəli nazir Binəli Yıldırım da layihənin əhəmiyyətindən danışaraq bildirib ki, BTQ təkcə Azərbaycanın, Gürcüstanın, Türkiyənin deyil, Şərqi Asiya ölkələrinin də layihəsidir. Bu dəmir yolundan Çin, Balkan, Orta Şərq, hətta Avropa ölkələri istifadə edə biləcəklər. BTQ dəmir yolu xətti bölgənin, o cümlədən də xalqlarımızın rifahını daha da yaxşılaşdıracaq.

B.Yıldırım 73 kilometrlik yol üzərində ilk relsləri döşədiklərini bildirərək, ətraf mühitə ziyan vurmamaq üçün ən çətin yolu seçdiklərini qeyd edib. O, 73 kilometrlik yolun 24 kilometrinin tunel olduğunu vurğulayıb.

Tədbirin sonunda üç nazir birlikdə relslərin üzərində olan maşın vasitəsilə ilk qaynağı ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə