Bakıda 20-ci yubiley Beynəlxalq Xəzər Neft və Qaz konfransı keçirilir YENİLƏNİR-FOTO

Bakıda 20-ci yubiley Beynəlxalq Xəzər Neft və Qaz konfransı keçirilir YENİLƏNİR-FOTO

Bu gün Bakıda iki gün davam edəcək 20-ci yubiley Beynəlxalq Xəzər Neft və Qaz konfransı öz işinə başlayıb. SİA-nın verdiyi xəbərə görə, konfransın birinci plenar sessiyası "Azərbaycan Avrasiyada enerji təminatı və təhlükəsizliyinin açarı kimi" adı altında keçirilib.

Sessiyada çıxış edən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Azərbaycanın həyata keçirdiyi neft strategiyası barədə konfrans iştirakçılarına məlumat verib: "Azərbaycanın inkişaf strategiyasının əsası ümummilli lideri Heydər Əliyevin neft strategiyasından başlayır.1994-cü il 20 sentyabrda "Əsrin müqaviləsi"nin imzalanması müstəqillik tairixində əbədi beynəlxalq məna daşıyan hadisə olub. Bu, beynəlxalq ictimaiyyətin nəzərlərini yenidən Azərbaycana cəlb etdi. Neft strategiyası bu gün də uğurla reallaşdırılır. Zəngin neft ökəsi kimi Azərbaycan ixracatçı qaz ölkəsinə çevrilib. Avropa İttifaqı Azərbaycanı qitənin ən böyük neft-qaz təchizatçısı kimi qəbul edib. Azərbaycan Gürcüstan və Türkiyənin enerji təhlükəsizliyində mühüm rol oynayır".

Çıxışı zamanı R.Abdullayev bildirib ki, Avropa ölkələrinin Azərbaycan qazınının hansı marşurutla ixrac olunacağını seçməsinə az qalıb: "Bu ayın sonunda "Şahdəniz" konsorsiumu tərəfindən Azərbaycan qazının "Nabucco" və ya TAP kəməri vasitəsilə ixracı ilə bağlı seçim ediləcək".

Sessiyada çıxış edən Avropa İttifaqının (Aİ) Azərbaycan Nümayəndəliyinin rəhbəri Roland Kobia Aİ-nin müraciətini konfrans iştirakçılarının diqqətinə çatdırıb. Müraciətdə bildirilir ki, Azərbaycan indi tanınmış enerji mərkəzi olub. Belə sərgi-konfransın Azərbaycanda keçirilməsi ölkənin beynəlxalq səhnədə oynadığı rolu göstərir. Avropa qazın 5 faizdən çoxunu Azərbaycandan ixrac edir. Bununla da, Azərbaycan ixracatçılar arasında 3-cü yeri tutur. Azərbaycan hazırda Avropanın vacib və etibarlı neft tədarükçüsüdür. Eyni zamanda gələn onilliklərlərdə bunu qaz sahəsində də görəcəyik. Biz bunu birbaşa bəyannamələrimizdə bildirmişik. "Cənub qaz" dəhlizi ilə bağlı gedən proseslər çox sevindiricidir. Avropa İttifaqı bu prosesə dəstəyini verir və bu, belə də davam edəcək. Bu dəhliz vasitəsilə tədarük 2019-cu ildən başlayacaq".

Konfransda çıxış edən Böyük Britaniyanın Azərbaycan üzrə ticarət nümayəndəsi Çarlz Hendri isə bildirib ki, Böyük Britaniya, ABŞ və Avropa Xəzər hövzəsindən təbii qaz ixracı marşrutunun seçilməsi ilə bağlı Azərbaycanın istənilən qərarını dəstəkləyəcək: "Britaniya Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhvə verməsini alqışlayır. Cənubi Enerji Dəhlizi ilə bağlı veriləcək qərar Avropanın enerji təhlükəsizliyi üçün böyük əhəmiyyət daşıyır. Hökumətimiz Azərbaycan qazının Avropaya nəqli ilə bağlı konkret bir marşrutu dəstəkləmir. Fərq etməz, hansı marşurut olur olsun, biz istəyirik ki, tezliklə Avropaya qaz təchizatı başlasın. Hansı kəmər seçilsə, Böyük Britaniya onu dəstəkləyəcək. Hesab edirəm ki, Azərbaycan seçimini edəndən sonra marşrut üzərində yerləşən tranzit ölkələr də bu qərara dəstək verəcəklər".

Bundan başqa, Çarlz Hendri bildirib ki, Böyük Britaniya hələ də Azərbaycana investisiya yatıran ən böyük investor ölkədir: "Azərbaycana yatırılan birbaşa sərmayələrin demək olar ki, yarısı Böyük Britaniyanın payına düşür. BP Azərbaycan iqtisadiyyatına 25 mlrd. dollardan artıq sərmayə yatırıb. Azərbaycanda Britaniyanın 300-ə yaxın şirkəti fəaliyyət göstərir. Bunlar təkcə neft-qaz sektorunda deyil. Eyni zamanda nəqliyyat, infrastruktur, maliyyə və təhsil sahələrində də fəaliyyət göstərir".

Çıxış edən ABŞ dövlət katibinin enerji siyasəti üzrə müşaviri Amos Hoksteyn isə bildirib ki, Azərbaycan həyata keçirdiyi enerji layihələri vasitəsi ilə dünyanın diqqət mərkəzinə çevrilib: "ABŞ Azərbaycanın həyata keçirdiyi layihələri təqdir edir. Azərbaycan ABŞ-ın etibarlı tərəfdaşıdır".

Konfransda çıxış edən İsrail Xarici İşlər nazirliyinin enerji məsələləri üzrə xüsusi nümayəndəsi Mixail Lotem İsrailin neft sahəsində apardığı araşdırmalar və aşkara çıxarılan neft yataqları ilə bağlı məlumat verib.

Bütün xəbərlər Facebook səhifəmizdə