Mərkəzi Bank (MB) tərəfindən Biləsuvar şəhərində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə növbəti tədbir olaraq "Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi və maliyyə savadlılığı məsələləri" mövzusunda seminar keçirilib. MB-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, seminar iştirakçıları öncə Biləsuvar şəhərində Ulu öndər Heydər Əliyevin əziz xatirəsinə ucaldılmış heykəlin önünə gül dəstəsi qoyublar. Daha sonra Bankın Biləsuvar Regional Mərkəzində seminar öz işinə başlayıb.
Tədbirdə əsas məruzə ilə çıxış edən Mərkəzi Bankın sədri Elman Rüstəmov seminar iştirakçılarının diqqətinə çatdırıb ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir Azərbaycan dövlətinin memarı olmaqla, dünyanın ən sabit və sürətlə inkişaf edən güclü iqtisadiyyatının qurucusudur. Onun sözlərinə görə, bank-maliyyə sektorunda sabitləşmə və uğurlu islahat tarixi Heydər Əliyevin iqtisadi quruculuq fəaliyyətlərinin ən mötəbər səhifələrindən biridir: "Heydər Əliyev kursunun layiqli davamçısı möhtərəm prezident İlham Əliyev güclü hüquqi və sosial-iqtisadi baza üzərində ölkədə sıçrayışlı inkişafa və ölkənin müasirləşməsinə nail oldu. Bu gün makroiqtisadi sabitlik və dayanıqlılıq səviyyəsinə görə ölkəmiz dünyada ilk iyirmilikdədir. Hazırda iqtisadiyyatın şaxələnməsi siyasəti fonunda qeyri-neft sektoru iqtisadi artımın əsas amilidir və bu sektor ikirəqəmli templə artır".
Mövzu üzrə çıxış edən digər natiqlər də maliyyə savadlılığının əhəmiyyətini vurğulayıblar və istehlakçıların hüquqlarının müdafiəsi istiqamətində mövcud təcrübələrinin daha yaxından öyrənilməsinin vacibliyinə diqqət çəkiblər.
Seminar başa çatdıqdan sonra tədbir iştirakçıları Mübariz İbrahimov adına Biləsuvar Liseyində Milli Qəhramanın heykəlinin önünə gül dəstələri qoyaraq, onun əziz xatirəsini yad ediblər. Liseyin fəaliyyəti, nailiyyətləri və burada yaradılan şəraitlə yaxından tanış olublar.
Daha sonra Mərkəzi Bank tərəfindən reallaşdırılan ümummilli lider Heydər Əliyevin 90 illik yubiley tədbirləri çərçivəsində Mübariz İbrahimov adına Biləsuvar Liseyində keçirilmiş şahmat turnirinin qalibləri mükafatlandırılıb. Tədbir Azərbaycanın tanınmış qrossmeysterləri Şəhriyar Məmmədyarov, Gülnar Məmmədova və Nicat Məmmədovun Biləsuvar şəhər parkında gənc şahmatçılar ilə eyni vaxtda oyun seansının keçirilməsi ilə yekunlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB