Nazirə təkliflər olundu

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İsmət Abasov ötən gün Salyan rayon Ərazi Kənd Təsərrüfatı İdarəsində Salyan, Sabirabad, Hacıqabul, Saatlı, Biləsuvar, Neftçala, Cəbrayıl rayonlarının 200 nəfər vətəndaşları ilə görüşüb. Nazirlikdən SİA-ya verilən məlumata görə, görüşdə iştirak edən vətəndaşlar ilk olaraq ölkə başçısı İlham Əliyevə kənd əməkçilərinə göstərdiyi qayğı və diqqətə görə öz minnətdarlıqlarını bildirib və qeyd olunub ki, prezidentin həyata keçirdiyi aqrar siyasətin bəhrəsi olaraq onlar bu gün yanacağın, motor yağının, taxıl əkinlərinə, toxum və tinglərə görə subsidiyaların verilməsi ilə təmin olunmuş, həmçinin lizinq yolu ilə güzəştli şərtlərlə texnika və gübrələr alırlar.

Görüşdə iştirak edən vətəndaşlar əsasən kənd təsəsrrüfatı məhsulları istehsalının ayrı-ayrı sahələrində qarşıya çıxan problemlərin bütün rayon fermerlərinin ortaq problemi olduğunu qeyd edərək bunların həlli ilə bağlı aşağıdakı təkliflərini nazirin diqqətinə çatdırıblar:

- texniki peşə xidmətlərinin tarif dərəcələrinin 15-20 % aşağı salınması;

- subsidiyaların birləşdirilərək ildə bir dəfə verilməsi;

- mineral gübrələrin qiymətlərinin 30-40 % aşağı salınması;

- rayonlarda müasir avadanlıqlarla təmin edilmiş aqrokimya laboratoriyalarının yaradılması;

- məhsul tədarükü üzrə məntəqə və bazaların yaradılması;

- kənd təsərrüfatı məhsulları istehsalçılarını kreditləşdirən ixtisaslaşdırılmış aqrar bankının yaradılması;

- toxumçuluq təsərrüfatlarına 50 % güzəştli verilən gübrələrin miqdarını artırmaq;

- kənd təsərrüfatına tətbiq edilən vergi güzəştlərinin vaxtının uzadılması;

- kənd təsərrüfatı məhsulları emal edən müəssisələrin tikilməsi

- üzümçülyün inkişafına dair təsdiq edilmiş Dövlət Proqramına uyğun olaraq fermerlərə verilən kreditlərin məbləğinin artırılması;

- pambıq, yağlı bitkilərin istehsalına verilən yardımın artırılması;

- süni mayalama ilə alınan buzov və balaqlara subsidiyaların verilməsi;

- yem bitkilərinin, silosluq qarğıdalı, silosluq günəbaxan, soya, xaşa, yem çuğundurunun hər hektarına subsidiyaların verilməsi;

- kənd təsərrüfatı işçiləri üçün Sahibkarlığa Kömək Milli Fondundan verilən kreditlərin şərtlərinin sadələşdirilməsi.

Nazir İsmət Abasov vətəndaşların arzu və istəklərini nəzərə alaraq bəzi məsələləri yerindəcə həll edib, digər problemlərin həlli ilə əlaqədar isə Nazirliyin müvafiq qurumlarına göstərişlər verib. Salyan rayon Ağsaqqallar Şurasının üzvləri də nazirin görüşünə gələrək kənd təsərrüfatının iqtisadiyyatımızın vacib bir sahəsi olaraq onun dinamik inkişafına əminliklərini bildiriblər.

Sonda nazir Salyan rayonunun mərkəzində rayon sakinləri ilə görüşüb, bazarla tanış olub, qiymətlərlə maraqlanıb və sakinlərin arzu və istəklərini dinləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə