"Girov mexanizmi Azərbaycanda hələ lazımı dərəcədə formalaşmayıb" MÜNASİBƏT
"Sahibkarlığın inkişafı üçün xüsusi fond var və güzəştli faizlərlə insanlara xidmət göstərir. Həmin fond vasitəsilə yerlərdə sahibkarlığın inkişafına, xüsusi ilə də aktual xarakter daşıyan sahələrdə sahibkarlıq strukturlarının yaradılmasına dəstək verilir. Fonda ayrılan vəsait isə ildən-ilə artır". SİA-nın məlumatına görə, bu fikirləri Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü, millət vəkili Əli Məsimli Sahibkarlığa Yardım Milli Fondunun fəaliyyətinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, əvvəlki illərdən qalmış kreditlərə görə qaytarılan məbləğin indiki pulların üzərinə gəlməsi Fondun vəsaitini daha da artırıb: "Bu bir mənbə kimi getdikcə inkişaf edəcək və sahibkarlığın, xüsusilə də regionlarda inkişafın maliyyə dəstəyini təşkil edəcək. Bundan əlavə, banklar neftdən kənar sahələrin inkişafı üçün öz öhdəliklərinə düşən vəzifələri yerinə yetirməlidir. Çünki neft hesabına Azərbaycanda sürətli inkişafa nail olmaq mümkün deyil. İndi yeganə çıxış yolu neftdən kənar sahələrin effektli fəaliyyət göstərə bilməsidir. Təkan verməyin də ən yaxşı yollarından ən önəmlisi birbaşa sərmayələr və kreditlərdir".
İstehsala qoyulan kreditlərin faiz dərəcəsinin əlçatanlığının vacib olduğunu deyən komitə üzvü bildirib ki, həmin vəsaiti istehsala qoyanda iş adamı, yəni sahibkar uduzmamalıdır: " Faiz dərəcəsi yüksək olduğuna görə məcburən o, xidmət sahəsinə, yaxud da ticarətə sərmayə qoymaq istəyir ki, qısa müddət ərzində əlavə gəlir götürsün və onun hesabına aldığı krediti qaytara bilsin. Lakin əvvəlki faiz dərəcələri ilə istehsala vəsait qoyulmasını təmin etmək üçün kreditləşmənin mexanizmini xeyli dərəcədə təkmilləşdirmək lazımdır".
"Aşağı və güzəştli faizli kreditlər dairəsi genişləndirməlidir. Kredit verən zaman qeyri- qanuna zidd əlavələrin sahibkarlardan tələb edilməsi halları müraciətlərdə öz əksini tapır. Təbii ki, bu problemi aradan qaldırmaq üçün qanunun gücündən hərtərəfli istifadə olunmalıdır,- deyə o fikirlərinə əlavə edib.
Regionda yaşayan sahibkarların banklardan kredit götürən zaman şəhərdə hər hansı bir əmlakının girov qoyması məsələsinə də münasibət bildirən millət vəkili hesab edir ki, girov mexanizmi Azərbaycanda hələ lazımı dərəcədə formalaşmayıb: "Bu məsələ ölkəmizdə yaxşı işlənmədiyinə görə banklar da risk faizini aşağı salmaqdan ötrü regionda kredit alan sahibkardan tələb edir ki, Bakının mərkəzində olan daşınmaz əmlakını girov qoysun. Bu zaman ortaya sual çıxır, əgər bu adamın mərkəzdə girov qoymaq üçün əmlakı varsa, o niyə kredit götürür? Əgər əmlakı varsa, onu icarəyə verər və 2 il ərzində əldə etdiyi vəsait bankdan aldığı kreditdən çox olar. Yerlərdə olan əmlakın girov kimi qoyulması, eləcə də insanları torpaq sahələrinin girov qoyulması bəzən daşınmaz əmlakın özünün yerləşdiyi torpağın girov qoyulması kimi beynəlxalq praktikada üsullar var. Həmin üsullardan hərtərəfli istifadə edilməlidir".
Ə. Məsimli həmçinin qeyd edib kİ, bir sıra xoşagəlməz halların aradan qaldırılması üçün qanun gücündən istifadə olunmalıdır və bu məsələlər qanunvericilikdə öz əksini tapır, sadəcə qanunda yazılanlara əməl etmək lazımdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB