Əcnəbilərə nəzarət güclənib

"Azərbaycana işləmək üçün gələn əcnəbilərin sosial sığortalarının ödənməsinə nəzarət gücləndirilib. Buna görə də Dövlət Sosial Müdafiə Fondu (DSMF) yaxın vaxtlarda bazaların birləşdirilməsi haqqında Dövlət Miqrasiya xidməti ilə müqavilə bağlayacaq". SİA-nın məlumatına görə, bunu DSMF-nin sədri Səlim Müslümov bildirib.

Onun sözlərinə görə, bu müqaviləyə uyğun olaraq Fondda qeydə alınmış xarici ölkələrin vətəndaşları haqqında məlumatlar Miqrasiya xidmətinə təqdim ediləcək: "Öz növbəsində Miqrasiya xidməti də Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olmaq üçün onlardan icazə almış bütün xarici ölkə vətəndaşları haqqında məlumatları DSMF-yə ötürəcək. Bu məlumatlarda əcənəbilərin hansı şirkətlərin dəvəti ilə gəldikləri də məlum olacaq. Hər iki orqan nəticədə bu sahəni ciddi nəzarətdə saxlaya biləcəklər".

S.Müslümov vurğulayıb ki, hazırda DSMF-də 13 min 500 nəfərə yaxın qeydiyyatda olan xarici ölkə vətəndaşı var. Bunun əsas hissəsini Türkiyə vətandaşları təşkil edir. Qalan hissəsi isə 70-ə yaxın ölkələrdən gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə