İƏT-in Tehran konfransında...

İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Vergilər nazirlikləri rəhbərlərinin Tehranda keçirilən birinci iclasında Azərbaycanın vergi siyasətinin uğurlu nəticələri ilə bağlı geniş məlumat verilib

Xəbər verdiyimiz kimi, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan ölkələrin Vergilər nazirlikləri rəhbərlərinin Tehranda keçirilən birinci iclasında Azərbaycanı vergilər nazirinin müavini Sahib Ələkbərovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

İclasda çıxış edən S.Ələkbərov Azərbaycan Respublikasının iqtisadi inkişaf istiqamətləri, vergi sistemində dəqiq icra mexanizmini formalaşdıran mükəmməl hüquqi bazanın yaradılması, vergi sisteminin beynəlxalq standartlara uyğun qurulmasında görülən işlər, vergi orqanlarının beynəlxalq əməkdaşlıq əlaqələri, son illər vergi sistemində qazanılan nailiyyətlər, vergi orqanlarındakı islahatların nəticələri və perspektivləri və s. məsələlərdən danışıb.

Nazir müavini qeyd edib ki, Azərbaycan xarici ölkələrin vergi orqanları ilə qarşılıqlı münasibətlərin səmərəli inkişafı üçün ikitərəfli və çoxtərəfli əlaqələrin qurulmasında maraqlıdır və bu istiqamətdə ciddi səylər göstərir. Bildirilmişdir ki, ekspertlər tərəfindən hazırlanan yekun sənəd İƏT-ə üzv ölkələrin vergi sistemləri arasında münasibətlərin daha səmərəli əməkdaşlıq səviyyəsinə çatması üçün böyük imkanlar yaradacaqdır.

İclas öz işini yanvarın 15-də davam etdirəcəkdir.

Sabir Şahtaxtı

AzərTAc-ın xüsusi müxbiri

Bütün xəbərlər Facebook səhifəmizdə