“Azərbaycanda bu qədər banka ehtiyac yoxdur”

“Azərbaycanda bu qədər banka ehtiyac yoxdur”

"Müəllimlərin, həkimlərin və digər büdcə təşkilatlarında çalışan 700 minə qədər şəxsin maaşının artırılması, həmçinin Sovetlər dövründən qalan əmanətlərin qaytarılması üçün 500 milyon manat vəsait ayrılması müsbət haldır". SİA-nın məlumatına görə, bunu Milli Məclisdə çıxışı zamanı millət vəkili Vahid Əhmədov bildirib.

Deputat kənd təsərrüfatı sektoruna 27 milyon manat vəsaitin ayrılmasını məqbul saymayıb: "Bu sahənin inkişaf etdirilməsi üçün vəsait artırılmalı və kənd təsərrüfatı sahəsində islahatlar aparılmalıdır". O həmçinin ölkədə 45 bank olduğunu, bu qədər banka ehtiyac olmadığını bildirib.

AVP sədri Fəzail Ağamalı isə deyib ki, ölkədə kənd təsərrüfatı məhsullarının bazara, xüsusilə də xarici bazara çıxarılması problemi var: "Düzdür, xarici bazara çıxmaq imkanı var. Amma bu prosesə müvafiq qurumlar tərəfindən himayədarlıq olmalıdır".

Millət vəkili ölkədəki zabitlərin mənzil problemini də qaldırıb: "Zabitlərimiz mənzil olmadığından ailə qura bilmirlər". Partiya sədri alimlərin məvacibinin artırılmasının zəruriliyi barədə də danışıb. F. Ağamalı büdcədən siyasi partiyalara ayrılmış maliyyə vəsaitinin artırılması barədə digər partiya nümayəndələrinin çıxışını dəstəklədiyini də söyləyib: "Ayrılan vəsaitin iki dəfə artırılmasını təklif edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə