"Mobil internetdə qiymətlərin aşağı salınmasına ehtiyac var"

"Mobil internetdə qiymətlərin aşağı salınmasına ehtiyac var"

"Son 2-3 ildə Azərbaycanda internet qiymətləri sahəsində ciddi liberallaşma aparılıb. Azərbaycanda bu sektor liberallaşmadan sonra sürətlə inkişaf edib". Bunu SİA-ya açıqlamasında Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz deyib.

Onun sözlərinə görə, ölkəmizdə sosial media sahəsində, bütövlükdə isə internet, xüsusilə də geniş zolaqlı internet istifadəçilərinin sayında artım dinamikası çox güclüdür: "Qonşu ölkələrlə müqayisədə Azərbaycanda internet qiymətlərinin endirilməsi barəsində yeniliklər var. Bununla yanaşı, qiymətlərin aşağı salınmasına hələ də ehtiyac var. Məsələn, Rusiya, Ukrayna, Gürcüstan kimi ölkələrə nəzər yetirsək, orada müəyyən bir ödənişlə daha böyük həcmdə internet trafiki əldə etmək olur. Düşünürəm ki, Azərbaycanda da bu istiqamətdə yaxın vaxtlarda müəyyən addımlar müşahidə ediləcək".

O.Gündüz onu da bildirib ki, qiymətin endirilməsinə, xüsusəndə mobil internetin tarifinin aşağı salınmasına ehtiyac var: "Hal-hazırda ölkəmizdə internet aşağı keyfiyyətli, qiymət isə yüksəkdir. İstərdik ki, internetdə normal qiymət və keyfiyyət əldə edək".

Son 6 ayda prezident İlham Əliyev tərəfindən İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bir sıra vacib tədbirlərin həyata keçirildiyini deyən AİF-in prezidenti onu da qeyd edib ki, bu sahədə görülən vacib işlərdən biri də Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin yaradılmasıdır: "Agentlik dövlət orqanları üçün xüsusi dövlət rabitəsinin, xüsusi təyinatlı informasiya-telekommunikasiya sistemlərinin və şəbəkələrinin, idarələrarası elektron sənəd dövriyyəsinin, dövlət orqanlarının internet şəbəkəsi ilə əlaqəsinin, onların internet informasiya resurslarının məlumat və resurs mərkəzində yerləşdirilməsinin təşkilini, istismarını, təhlükəsizliyini və inkişafını təmin edən, dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyini təmin etmək məqsədi ilə xüsusi texniki tədbirləri həyata keçirən qurumdur. Agentliyin yaradılması da haker hücumlarının qarşısını almaqda əvəzsiz rol oynayacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə