36 milyard dollar gəlir var

Apple şirkəti cari ilin IV rübünə dair maliyyə göstəriclərini dərc edib. SİA-nın məlumatına görə, rüb ərzində şirkətin gəliri 36 milyard, xalis mənfəəti isə 8,2 milyard dollar təşkil edib. Müqayisə üçün qeyd edək ki, ötən ilin müvafiq dövründə şirkətin gəliri 28,3 milyard, xalis mənfəəti 6,6 milyard dollar olub. Ümumi rüblük mənfəət bir il əvvəlki 40,3 %-lə müqayisədə 40 %, beynəlxalq satışlar isə rüblük gəlirin 60 %-ni təşkil edib.

Hesabat rübü ərzində ümumilikdə istehsalçı 26,9 milyon iPhone smartfonu satıb ki, bu da ötən ilin müvafiq rübündəkindən 58 % çoxdur. Şirkət həmçinin 14 milyon iPad planşet kompüteri sataraq ötən ilin analoji rübü ilə müqayisədə 26 faizlik artıma nail olub. Bundan başqa, 4,9 milyon Mac kompüteri və 5,3 milyon iPod pleyeri satılıb ki, bu da ötən ilin analoji rübündən müvafiq olaraq 1 və 19 % çoxdur.

Apple-ın Direktorlar Şurası bir səhm üçün 2,65 dollar məbləğində dividentin ödəniləcəyini elan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə