“Dövlət istehlakçı hüquqlarının təminatçısıdır”

“Dövlət istehlakçı hüquqlarının təminatçısıdır”

İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Tərtər rayonunda növbəti tədbirini keçirib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, "Azərbaycan dövləti istehlakçı hüquqlarının təminatçısıdır" mövzusunda keçirilən tədbirdə aidiyyatı dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri və 120-yə yaxın istehlakçı iştirak edib. Xidmətin rəis müavini Araz Əliyev çıxış edərək Azərbaycan iqtisadiyyatının davamlı inkişaf etdiyini, əhalinin sosial rifahının daha da yaxşılaşmasını vurğulayıb. Bütün bunlar isə əhalinin artan tələbatının daha dolğun ödənilməsinə, istehlakçıların seçim imkanının genişləndirilməsinə şərait yaradır. Eyni zamanda istehlakçı hüquqlarının müdafiəsinə diqqətin artırılmasını zəruri edir.

Araz Əliyev həmçinin 2012-ci ilin yanvar - sentyabr ayları ərzində həyata keçirilmiş nəzarət tədbirləri zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativə uyğun olmayan 72.3 ton müxtəlif növ satışdan çıxarıldığı haqqında da məlumat verib.

Natiq onu da qeyd edib ki, bu il istehlakçıların maarifləndirilməsi məqsədilə 15 adda 150000 buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair 19000 yaddaş kitabçası hazırlanaraq sahibkar və istehlakçılara paylanıb. Televiziya kanallarında sosial reklam çarxları yayımlanıb.

Tədbirdə həmçinin xidmət qaydalarının tələblərinə əməl olunması və xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən maarifləndirici tədbirlər barədə məlumat verilib. Sonda tədbir iştirakçılarına istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanıb.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə