Azərbaycan-Rusiya Biznes Forumu keçirilib YENİLƏNİB

Azərbaycan-Rusiya Biznes Forumu keçirilib YENİLƏNİB

Rusiya Federasiyasının Volqoqrad vilayətinin qubernatoru Sergey Bojenovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. SİA-nın xəbərinə görə, səfər çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Bakıda Azərbaycan-Rusiya Biznes Forumu keçirilib. Tədbirdə kənd təsərrüfatı və qida sənayesi, tikinti və kiçik sahibkarlıq subyektlərini, həmçinin, neft avadanlıqlarlarının istehsalı ve metallurgiya sənayesini təmsil edən Rusiya Federasiyasının iş adamları iştirak edib.

Forumda çıxış edən iqtisadi inkişaf naziri Şahin Mustafayev iki ölkənin iqtisadi əməkdaşlığı barədə ətraflı məlumat verib. O bildirib ki, Azərbaycan və Rusiya arasında təkmil qanunvericilik bazası yaradılıb və indiyədək 160-dan çox sənəd imzalanıb:

"2004-2011-ci illərdə Azərbaycanda Rusiya kapitallı 261 şirkət qeydiyyata alınıb. Azərbaycan iqtisadiyyatına Rusiya tərəfindən 366 mln ABŞ dolları həcmində investisiya yatırılıb. Hazırda Azərbyacan şirkətləri Rusiyada uğurla fəaliyyət göstərirlər. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 2,8 milrd. ABŞ dolları təşkil edib, 2010-cu ilə nisbətən 47% artıb".

Volqoqrad vilayətinin qubernatoru Sergey Bojenov isə Azərbaycanla Rusiyanın regionları arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu deyib. Hər iki ölkənin böyük iqtisadi potensiala malik olduğunu deyən S.Bojenoov vurğulayıb ki, bu sahədə mövcud potensiallardan istifadə edilməlidir: "Volqoqrad vilayəti Azərbaycanla tranzit daşımalar və turizm sahəsində əməkdaşlıqda maraqlıdır. Vilayətin kənd təsərrüfatı sürətlə inkişaf edir. Lakin kənd təsərrüfatı məhsullarının emalında bəzi çatışmazlıqlar var və biz Azərbaycanı bu sahədə əməkdaşlığa dəvət edirik".

Vilayət qubernatoru qeyd edib ki, analoji tədbir 2013-cü ilin may ayında Volqoqradda keçiriləcək. Tədbirin davamında biznes nümayəndələri, iş adamları arasında qarşılıqlı fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə