"Şimal" ES yeniləndi

Müstəqillik dövründə Ulu Öndərin rəhbərliyi altında respublikada istismara verilən elektrik stansiyalarından biri, Abşeron yarımadasında generasiya güclərindən "Şimal" ES-nın kollektivi cari ilin 8 ayını uğurlu istehsalat göstəriciləri ilə başa vurublar. "Azərenerji" ASC-dən SİA-ya verilən məlumata görə, cari ilin avqust ayında 168,1 milyon kv/saata yaxın elektrik enerjisi istehsal edilib.

Qeyd edək ki, cari ilin 8 ayı ərzində isə burada 1 milyard 477,8 milyon kv/saata yaxın elektrik enerjisi istehsal edilib. Mənbə bunu uğurla həyata keçirilmiş məqsədyönlü tədbirlərin məntiqi nəticəsi kimi qiymətləndirərək digər texniki göstəricilərin də yüksək olduğunu bildirib.

Onu da qeyd edək ki, qış aylarında soyuducu su kanalının donmaması və kanalda buzun yaranmasının qarşısının alınması məqsədilə çıxış su kanalı dövran su nasosxanasının xətt vasitəsilə giriş kanala birləşdirilməsi layihəsi hazırlanıb və hazırda layihə üzrə müvafiq işlər aparılır.

Yeri gəlmişkən, digər müəssisələr kimi burada da yanğın təhlükəsizliyi məsələsi daim diqqət mərkəzindədir. Belə ki, yanğın təhlükəsizliyinin təmin edilməsi üçün yanğın nasoslarına baxış keçirilib, aşkar edilmiş qüsurlar aradan qaldırılıb. Eyni zamanda müxtəlif növ transformator və yağ çənləri üzərində quraşdırılmış, su ilə avtomatik yanğınsöndürmə, həmçinin yanğın xəbərverici sistemləri əsaslı təftiş edilib. Bütün bunlarla yanaşı işçilərə əks-qəza təlimləri də keçirilir.

Xatırladaq ki, "Şimal" ES-in inkişaf proqramı Azərbaycan Respublikasının rəhbərliyi tərəfindən bu gün də müvəffəqiyyətlə davam etdirilir. Artıq Yaponiyanın "Toyo Engineering" şirkəti ilə bağlanmış müqavilə əsasında müəssisədə sayca ikinci 409 MVt-lik enerji blokunun tikintisinə rəvac verilib. 21 sentyabr 2011-ci il tarixində möhtərəm Prezidentimiz İlham Əliyev "Şimal" ES-ə gələrək şəxsən ikinci 409 MVt-lik BQQ-nin təməlini qoyub. Müəssisədə energetiklər və inşaatçılar qarşısında çıxış edən ölkə başçısı tikinti-quraşdırma işlərinin ən qısa zamanda başa çatdırılmasının planlaşdırıldığını bildirib.

Həmçinin qeyd edək ki, hazırda 409 MVt-lik enerji blokunun tikintisi qrafikə uyğun davam etdirilir. İkinci enerji blokunun inşası ilə əlaqədar, yeni 220 kV-lik elektrik verilişi xətləri və yarımstansiyaların tikinti işləri də aparılacaq. Nəticə etibarı ilə Abşeron yarımadasının, bütövlükdə enerji sisteminin elektrik enerjisi ilə təminatının dayanıqlılığı tam şəkildə təmin ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə