\"Azərbaycanda sənaye parklarının yaradılmasında xarici təcrübənin öyrənilməsinə ehtiyac var\". SİA-nın məlumatına görə, bunun iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov Bakıda keçirilən sənaye parklarına dair regional konfransda çıxışında bildirib. Onun sözlərinə görə, hazırda Azərbaycanla BMT arasında gələcək əməkdaşlığın istiqamətlərini təsvir edən yeni proqram hazırlanır: \"Azərbaycanda sənaye parklarının yaradılması istiqamətində ciddi işlər görülür. Ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şərait yaratmaq, bu sahədə sahibkarlığı dəstəkləmək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədilə dövlət başçısı tərəfindən 2011-ci ilin sonunda imzalanmış fərmanla Sumqayıt Kimya Sənaye Parkı, həmçinin sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara əsaslanan sənaye müəssisələrinin təşkili və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə 2011-ci ilin sonunda imzalanmış sərəncamla Balaxanı Sənaye Parkı yaradılıb. Bu ərazidə məişət tullantılarının emalı (təkrar emalı) və xidmət müəssisələrinin yaradılması nəzərdə tutulur. Bununla yanaşı, ölkədə artıq bir sənaye parkının uğurla fəaliyyət göstərdiyi qeyd edilməlidir. Sumqayıt Texnologiyalar Parkının birinci mərhələsi 2009-cu ilin sonunda işə salınıb. Burada 17 zavod müxtəlif məhsullar istehsal edir. Sənaye parklarının fəaliyyəti baxımından Azərbaycan bu sahədə inkişaf etmiş ölkələrin təcrübəsinə ehtiyac duyur".
Bu il Azərbaycanda ÜDM-in artım tempinin 4,6 faiz təşkil edəcəyi gözləndiyini deyən Niyazi Səfərov bildirib ki, 2012-ci ilin sonunda ölkədə 59,3 mlrd. dollarlıq ÜDM istehsal olunacağı proqnozlaşdırılır: \"2015-ci ildə ÜDM-in artım dinamikasının 5,4 faiz olacağı gözlənilir. Adambaşına düşən ÜDM 2012-ci ildəki 6 000 dollardan 2015-ci ildə 7 548 dollara qədər artacaq və Azərbaycanın yuxarı orta gəlirli ölkələr arasında mövqeyi daha da möhkəmlənəcək. 2012-ci ildə əsas kapitala yönəldilmiş investisiyaların 11,9 faiz artaraq 18,5 mlrd. dollar, 2015-ci ilədək isə ümumilikdə 65,1 mlrd. dollar olacağı proqnozlaşdırılır. Əsas kapitala xarici investisiyaların 2012-ci ildə 5 mlrd. dollar olmaqla 2015-ci ilədək orta hesabla ildə 13,9 faiz artaraq ümumilikdə 21,2 mlrd. dollara çatacağı gözlənilir\".