İli köhnə olan avtomobillərin taleyi necə olacaq?

İli köhnə olan avtomobillərin taleyi necə olacaq?

"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyi monitorinq qrupunun 2012-ci ilin yanvar ayı ərzində avtomobil bazarında apardığı monitorinqin nəticələrinə görə, bazarda dinamikanın azalması müşahidə edilib. Birlikdən SİA-ya verilən xəbərə görə, 2011-ci ilin əvvəlindən təklifdə ili köhnə avtomobillər artım tendensiyası taksilərə tətbiq olunması gözlənilən yeni qaydalarla bağlı yenidən müşahidə olunmağa başlayıb. Xaricdən idxal olunan köhnə avtomobillərin təklif portfelindəki payı isə artımla müşahidə olunub.

Yanvar ayı ərzində satış mərkəzlərinə müraciət edənlərin sayında və buna müvafiq olaraq bağlanan əqdlərin dinamikasında nisbi azalma qeydə alınıb. Ay ərzində bazarda təklif 4.7% artıb. Təklifin tələbi üstələmə tendensiyası davam edib, ötən aylarla müqayisədə avtomobil bazarında tələbin azalması müşahidə olunub. Tələbin azalması və bazarda dinamikanın aşağı düşməsi qiymətlərin azalmasına təsir göstərib. Yanvar ayı üçün bazarda orta qiymət əvvəlki ayla müqayisədə 1.5% azalaraq 15900 dollar təşkil edib.

Bazarda dinamikanın azalması yanvar ayında avtomobillərin ekspozisiya müddətinin bir qədər artmasına səbəb olub. Yanvarda təkrar avtomobil bazarında avtomobillərin ekspozisiya müddəti 1.2% artaraq 45.1 günə qalxıb.

Ay ərzində təkrar avtomobil bazarında araşdırma predmeti olan 14100-dən artıq avtomobilin cəmi 25,6%-i bazara məhz yanvarda təklif olunub. Digər 66,4%-i isə əvvəlki aylardan qalan avtomobillərdir. Əvvəlki aylardan fərqli olaraq köhnə avtomobillərin bazara kütləvi axın tendensiyası son 2 ayda yenidən artıb.

Uzun illərdir ki, təkrar bazarda liderliyi böyük fərqlə əldə saxlayan məşhur alman markası "Mercedes-Benz"in təklif üzrə payında noyabr ayı ilə müqayisədə 1,2% azalma müşahidə edilib, bu markanın ümumi portfeldə payı 31,8% təşkil edib. Ümumilikdə ay ərzində ümumi təklif portfelini formalaşdıran 9 markanın əksəriyyəti üzrə təklifin azalması qeydə alınıb. Təklif üzrə ən çox artım (4.1%) "VAZ" avtomobillərində qeydə alınıb. Araşdırmalar göstərir ki, ötən aylarda olduğu kimi "Mercedes-Benz" ümumi təklif portfelində digər rəqiblərini hələ də böyük fərqlə geridə qoyur.

Ümumilikdə 9 markanın təklif üzrə payı 83,7% təşkil edib. Yerdə qalan 16,3%-i isə 20-dən artıq şirkətin istehsalı olan 80-dən artıq avtomarka arasında bölünür.

Təkrar bazara təqdim olunan avtomobillərin illər üzrə bölgüsündə ciddi dəyişikliklər baş verməyib.

Ekspertlər hesab edirlər ki, ili köhnə avtomobillərin hələ də bazarda yüksək paya sahib olmasına baxmayaraq, yaxın gələcəkdə bazarda üstünlük 2003-cü ildən bu yana istehsal olunmuş avtomobillərə keçəcək. Monitorinq qrupunun araşdırmaları 1990-2011-ci illəri əhatə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə