Azərbaycanda neftin nəql olunma tarifləri 4,0 faiz ucuzlaşıb

Azərbaycanda neftin nəql olunma tarifləri 4,0 faiz ucuzlaşıb

Bu ilin yanvar ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 2,4 faiz, sərnişindaşıma tarifləri isə 6,4 faiz aşağı düşüb. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, dəmir yolu nəqliyyatında 10 ton yükün 1 km məsafəyə daşınmasının orta tarifi tranzit yüklərin daşınması üzrə 10,8 faiz bahalaşıb, yerli əlaqə üzrə 5,4 faiz, ixrac üzrə 2,6 faiz, idxal üzrə 0,3 faiz ucuzlaşıb. Dəmir yolu vasitəsilə sərnişindaşıma tariflərində beynəlxalq əlaqədə 1,1 faiz bahalaşma müşahidə olunub. Dəniz nəqliyyatı vasitəsilə uzaq xaric ölkələrinə 1 ton yükün daşınma tarifi 5,1 faiz ucuzlaşıb. Hava nəqliyyatında MDB ölkələrinə 1 ton yükün daşınma tarifləri 0,5 faiz, sərnişindaşıma tarifləri 12,8 faiz, uzaq xaric ölkələrə sərnişindaşıma tarifləri 21,4 faiz, yerli əlaqə üzrə isə 13,4 faiz aşağı düşüb. Boru kəməri vasitəsilə qazın nəql olunma tarifləri 2,5 faiz bahalaşıb, neftin nəql olunma tarifləri isə 4,0 faiz ucuzlaşıb. Avtomobil nəqliyyatı üzrə yükdaşıma tarifləri əvvəlki ayla müqayisədə 0,1 faiz artıb.


Bütün xəbərlər Facebook səhifəmizdə